AZ

Rus Dram Teatrının səhnəsində "Hamlet" » AzadMedia.az


Rus Dram Teatrı Şekspirin məşhur "Hamlet" əsərini yeni bir yanaşma ilə tamaşaya qoydu.
"Hamlet" – Uilyam Şekspirin ən məşhur, ən uzun dramı, ingilis və dünya ədəbiyyatının ən təsirli tragediyalarından biridir.
Əsər Danimarka şahzadəsi Hamletin qisas və ədalət axtarışını təsvir edir.
Hamlet – Dərin düşüncələrə qərq olan, tərəddüd edən, intiqam və ədalət arasında seçim etməkdə çətinlik çəkən bir qəhrəmandır. O, atasının qətlini cəzalandırmaq, lakin bunu ədalətli və düzgün şəkildə etmək istəyirdi. Ancaq tərəddüdləri onu faciəyə apardı.
Hamlet zəhərlənmiş qılınc yarasından ölür, amma ölümündən əvvəl atasının qatili Klavdini öldürməyə nail olur. Əsər ağır faciə ilə başa çatır – demək olar ki, bütün əsas personajlar ölür...

Quruluşçu rejissor, Xalq artisti Aleksandr Şarovski, əsərin müasir dövrə uyğun şəkildə təqdim olunmasına nail olub. Şarovski, "Hamlet"i yalnız bir tragediya kimi deyil, həm də insanın daxili mübarizəsini və cəmiyyətlə əlaqəsini dərinləşdirən bir əsər kimi səhnələşdirib.

Səhnə dekorasiyasına diqqət yetirdikdə, əməkdar mədəniyyət xadimi Aleksandr Federovanın işi xüsusilə diqqət çəkir. Minimalist yanaşma ilə təbiət və insanın əlaqəsini vurğulayan səhnə, əsərin dramatik gücünü daha da artırıb. Dekorasiyanın hər bir detayı, tamaşanın atmosferini özündə cəmləyərək izləyicini hadisələrin içərisinə çəkir.

Geyim üzrə rəssam Olqa Abbasovanın yaratdığı kostyumlar da tamaşanın müasir interpretasiyasına uyumlu şəkildə hazırlanıb. Aktyorların geyimləri, yalnız dövrün ruhunu əks etdirməklə qalmır, həm də xarakterlərin daxili dünyasını, mübarizələrini daha aydın şəkildə nümayiş etdirir.

Bəstəkar Anar Yusifovun musiqisi isə tamaşanın emosional təsirini gücləndirən vacib elementlərdən biridir. Musiqi, hər bir səhnəyə uyğun şəkildə kompozisiyalarla qoşularaq, tamaşanın ritmini və gərginliyini artırır. Anar Yusifovun melodiyaları, xüsusilə Hamletin daxili çırpıntılarını və mübarizəsini musiqi vasitəsilə hiss etdirməyə imkan yaradır.

Ümumilikdə, bu tamaşa, həm estetik, həm də intelektual baxımdan zəngin bir təcrübədir. Rejissorun, sənətçilərin və bəstəkarın birgə işi, Şekspirin əsərini təzə bir formada təqdim edərək izləyiciyə həm tanış, həm də yeniliklərlə dolu bir təcrübə yaşadır.
Əsərin əsas mövzuları insanın daxili mübarizəsi, ədalət, intiqam və taledir.

Əsəri oxumayanlara qısa xatırlatma:


Danimarka kralı – Hamletin atası – sirli şəkildə öldürülür, taxta isə onun əmisi Klavdi çıxır və Hamletin anası Gertrudanı da özünə arvad edir. Bir gecə Hamlet atasının ruhu ilə qarşılaşır və ruh ona Klavdinin onu zəhərləyərək öldürdüyünü deyir. Hamlet atasının intiqamını almağa and içir, lakin tərəddüdlər içində çətin seçimlər qarşısında qalır.
O, özünü dəli kimi apararaq Klavdinin günahını sübut etməyə çalışır. Bunun üçün bir teatr qrupu çağıraraq Kralın qətlini səhnələşdirən tamaşa hazırladır. Klavdi səhnəni görəndə qorxub qaçır, bu da onun cinayətdə günahkar olduğunu təsdiqləyir.
Hamletin tərəddüdləri və yanlış qərarları faciəyə səbəb olur. O, təsadüfən Ofelyanın atasını (Poloni) öldürür, bu isə Ofelyanın ruhi xəstəliyinə və sonda suda boğulmasına gətirib çıxarır. Ofelyanın qardaşı Laert atasının və bacısının qisasını almaq üçün Hamletlə duelə girir. Bu dueldə hər iki gənc öldürülür. Amma ondan əvvəl Hamlet Klavdini öldürərək atasının intiqamını alır.

Tamaşa Hamletin ölüm səhnəsi ilə bitir, atasının, sevdiyi qadının yanında ruhən də olsa, xoşbəxt olur.
"Hamlet" Rus Dram Teatrında həm gənc, həm də orta nəslin aktyorlarının iştirakı ilə 2 dəfə səhnəyə qoyulub. Bir müqayisəmi xüsusi qeyd etmək istəyirəm. Müxtəlif teatrlarda tamaşaları izləyirəm. Mənə elə gəlir Rus Dram Teatrının aktyorları rollara daha çox peşəkarcasına yanaşır, sanki rollarını yaşayırlar.
Elnurə Abuşova
Seçilən
16
1
azadmedia.az

2Mənbələr