Birləşmiş Ştatlar Qrenlandiyada yeni iş yerləri yaratmaq və onun rifahını yaxşılaşdırmaq üçün milyardlarla dollar sərmayə qoymağa hazırdır.
QHT.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Konqresin birgə iclasındakı çıxışımda açıqladığım kimi, Birləşmiş Ştatlar Qrenlandiya xalqının öz gələcəyini təyin etmək hüququnu qətiyyətlə dəstəkləyir. İkinci Dünya Müharibəsindən bəri etdiyimiz kimi, sizi qorumağa davam edəcəyik. Biz yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq və seçsəniz, sizi dünyanın ən böyük ölkəsi olan Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmağa dəvət edirik!” - dövlət başçısı yazıb.
Tramp bundan əvvəl bir neçə dəfə Qrenlandiyanın ABŞ-a qoşulmalı olduğunu bildirib. O, Danimarka adadan imtina etməsə, onu yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələdi. Hətta ilk prezidentlik dövründə Tramp Qrenlandiyanı almağı təklif etmişdi. O vaxt olduğu kimi, Danimarka və Qrenlandiya hakimiyyəti bu ideyanı rədd etdi.
Qeyd edək ki, Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiya Müdafiə Müqaviləsi imzaladılar. Buna uyğun olaraq, ABŞ adanı təcavüzdən qorumaq öhdəliyini üzərinə götürdü. Burada raket hücumu xəbərdarlığı sistemi və Arktika zonasına nəzarət vəzifələrini yerinə yetirən Amerikanın Pituffik kosmik bazası yerləşir.
R.İmanov