TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Uşaqların icbari dispanserizasiyası çərçivəsində 2025-ci ilin yanvar-fevral ayları ərzində Bakı şəhərinin Yasamal, Səbail, Nəsimi, Nərimanov, Suraxanı, Sabunçu, Xətai, Qaradağ, Nizami və Xəzər rayonları üzrə 125357 uşaq ilkin müayinələrə cəlb olunub.
Bu müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin tibb heyəti tərəfindən Bakı şəhərinin 31 orta ümumtəhsil, məktəbəqədər təhsil müəssisələri və xüsusi internat məktəblərində həyata keçirilib. Müayinələrdə həkim-pediatr, həkim-nevroloq, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-cərrah, həkim-stomatoloq, həkim-laborant və s. ixtisaslı mütəxəssislər iştirak edib.
Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub.