Aprel ayında Rusiyada Avropadan üçüncü ölkələr vasitəsilə tədarük olunan malların, eləcə də idxalı əvəzləmə çərçivəsində ölkədə istehsal olunan məhsulların qiyməti artacaq.
Publika.az xəbər verir ki, bunu iqtisadçı İnna Litvinenko Trampın tariflərinə görə qidanın ruslar üçün bahalaşacağından danışarkən deyib.
Ekspertin fikrincə, ruslar pendir, zeytun yağı, qəhvə, çay, şokolad, kolbasa, mayonez, zeytun və yoqurtun qiymətinin artacağını gözləməlidirlər. Avropadan gətirilən kompüterlər, çayniklər, mikrodalğalı sobalar və fenlərin də qiyməti artacaq. Ətirləri, məişət kimyəvi maddələrini, geyim və ayaqqabıları, idman mallarını, mebelləri, dəri məmulatlarını, ev heyvanları üçün yeməkləri də eyni aqibət gözləyir.
“Donald Trampın təşəbbüsü ilə ABŞ və Avropa arasında ticarət müharibələri başlayıb. Avropa ABŞ bazarından ayrılaraq bütün resurslarını toplamağa çalışır. Bunun fonunda avro bahalaşır. Ona görə də paralel idxal kanalları ilə bizə gələn malların qiymətləri də artacaq”, - deyə Litvinenko izah edib.