AZ

Uşaq qidaları niyə bahalaşıb? -

Valideynlər adətən uşaqlarının sağlam qidalanmasını təmin etmək üçün müxtəlif uşaq qidaları alırlar. Lakin son illərdə bu məhsulların qiymətlərində ciddi artım müşahidə olunur. Xüsusilə idxal olunan körpə südləri, pürelər və digər uşaq qidaları ailə büdcəsinə böyük yük yaradır. Bəs Azərbaycanda niyə uşaq qidaları istehsal edilmir? İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, bizim yerli istehsalımız olması yaxın zamanda qiymətlərin ucuz olacağı demək deyil. Yəni yerli istehsalın uşaq qidalarında xeyri yoxdur: “Keçi südü kimi alternativlər, natural formada qidalar ola bilər. Ancaq sənaye müəssisələrində kütləvi istehsal yoxdur, varsa da, gözəçarpan deyil. Mövcud olanlar isə yalnız qablaşdırma ilə məşğuldurlar və bizə təqdim etdikləri məhsulların heç biri real yerli istehsal deyil. Çünki uşaq qidalarının yerli istehsalı ilə bağlı sənaye müəssisəsi hələlik yoxdur, həm də istehsal üçün lazım olan texnologiya və xammallar Azərbaycanda mövcud deyil. Böyük şirkətlər bu istehsalı xaricdə aparır. Azərbaycanda buna ehtiyac varmı, yaxud istehsal etsək, daha ucuz olacaq, yoxsa əksinə? Bunlar hamısı sual altındadır, çünki Azərbaycanın bazarı kiçikdir, daha çox neft və qazla bağlı xammal bolluğumuz var, amma digər sahələr inkişaf etməyib. Gərək xammalı xaricdən alaq, çünki kənd təsərrüfatı inkişaf etməyib, yararlı torpaqlar azdır. Yoxsa çoxdan sahibkarlarımız bu barədə düşünərdilər”. İqtisadçının sözlərinə görə, daxili bazar çox kiçikdir və bu səbəbdən yerli istehsal müəssisələrini qurmaq imkanları məhduddur: “Çünki xaricdən gətirilən texnologiya və xammal da əlavə xərcləri artırır, bu isə rəqabət üstünlüyünü məhdudlaşdırır. “Bahalaşmanın səbəbləri çoxdur, bunlar arasında idxal qiymətlərinin artması, hökumət tərəfindən verilən əlavə yük və daşıma xərclərinin artması da var. Məsələn, keçən ilin iyulundan yanacaq qiymətlərinin, yanvar ayında kommunal xərclərin artırılması, minimum əmək haqqının yüksəlməsi sahibkarların ölkə daxilində, həm də ölkə xaricində anbar saxlanma xərclərini artırır. Bütün bu amillər nəticədə məhsulların bahalaşmasına səbəb olur”. X. Kərimli qeyd edib ki, uşaq qidalarının qiyməti həm də coğrafiyaya görə dəyişir. Məsələn, Rusiyadan, Belarusdan gələn məhsullar daha ucuzdur, nəinki Türkiyədən, Avropadan və Amerikadan gələn məhsullar. Digər bir seçim isə daha bahalı məhsulları almayıb özümüz hazırlamalıyıq.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
27
metbuat.az

1Mənbələr