Tayvanın "Foxconn" şirkəti ilk böyük dil modelini istifadəyə verib.
Valyuta.Az "Reuters"ə istinadla xəbər verir ki, şirkət bu texnologiyanı istehsal və tədarük zəncirinin idarə edilməsini təkmilləşdirmək üçün tətbiq etməyi planlaşdırır.
"FoxBrain" adlanan model "Nvidia" şirkətinin "H100 GPU" çiplərindən 120-si istifadə edilərək dörd həftə ərzində hazırlanıb. Dünyanın ən iri müqaviləli elektronika istehsalçısı olan "Foxconn" bu barədə yaydığı açıqlamada məlumat verib.
"Apple" üçün "iPhone" cihazlarını yığan və "Nvidia" şirkətinin süni intellekt serverlərini istehsal edən "Foxconn" bildirib ki, model "Meta" şirkətinin Llama 3.1 arxitekturası əsasında qurulub.
Bu, Tayvanda ənənəvi çin və tayvan dilləri üslubuna uyğunlaşdırılmış və məntiqi düşünmə qabiliyyətinə malik ilk böyük dil modelidir.
"Foxconn"un məlumatına görə, modelin performansı Çinin "DeepSeek" distillasiya modelindən bir qədər geri qalsa da, ümumilikdə dünya səviyyəli standartlara çox yaxındır.
"FoxBrain" əvvəlcə daxili istifadə üçün nəzərdə tutulub və məlumat analizi, qərar dəstəyi, sənəd əməkdaşlığı, riyazi hesablamalar, məntiqi təfəkkür, problem həlli və kod generasiyası sahələrini əhatə edir.
"Foxconn" həmçinin texnologiya tərəfdaşları ilə əməkdaşlıq edərək modelin tətbiq sahələrini genişləndirməyi, açıq mənbə məlumatlarını paylaşmağı və süni intellektin istehsal, tədarük zənciri idarəçiliyi və intellektual qərarvermə sahələrində istifadəsini təşviq etməyi planlaşdırır.
"Nvidia", Tayvanda yerləşən "Taipei-1" superkompüteri vasitəsilə texniki dəstək verib və modelin hazırlanması zamanı məsləhətlər təqdim edib. "Taipei-1" Tayvanın ən böyük superkompüteridir və ölkənin cənubunda, Kaohsiung şəhərində "Nvidia" tərəfindən idarə olunur.
"Foxconn", mart ayının ortalarında "Nvidia"nın GTC inkişaf konfransında model barədə əlavə detalları açıqlayacağını bildirib.
Rəhim