NASA yaxın zamanda sərbəst şəkildə kosmik missiyalar həyata keçirmək üçün kifayət qədər maliyyə tapa bilməyə bilər. ABŞ prezidenti Donald Trampın qənaət siyasəti, agentliyi tarixində görünməmiş bir böhrana sürükləyə bilər.
Valyuta.az xəbər verir ki, Donald Tramp administrasiyası bütçə planlarını hələ ictimaiyyətə açıqlamasa da, dövlət qurumlarının rəhbərləri artıq prezidentin prioritetləri barədə məlumatlandırılıb. NASA da bu siyahıya daxildir.
Gözləntilərə əsasən, Tramp administrasiyası NASA-nın böyük büdcəsini daha "effektiv" istifadə etməyi hədəfləyir. Başqa sözlə, ağır xərcləmələrə son qoymağı planlaşdırır. Kuluarlarda dolaşan məlumatlara görə, Ağ Ev NASA-nın elmi proqramlarına ayrılan vəsaiti ciddi şəkildə azaltmağı planlaşdırır.
Sızan məlumata əsasən, NASA-nın büdcəsi yarıya endirilə bilər. Əgər bu doğrudursa, bu, agentlik tarixində görünməmiş bir hadisə olacaq və bir çox elmi layihənin bağlanmasına səbəb ola bilər.
"Elmi layihələri buraxın, hərbi işlərə fokuslanın"
ABŞ hazırda Çinlə həm iqtisadi, həm də hərbi sahədə qlobal rəqabət içindədir. Bu mübarizədə kosmos əsas döyüş meydanlarından birinə çevrilməkdədir.
Kosmosda güc sahibi olan ölkənin yer kürəsindəki hərbi yarışda da üstünlük əldə edəcəyi məlumdur. Bəzi ekspertlər ABŞ-ın Çinə məxsus peykləri zərərsizləşdirmək üçün orbitə silahlı peyklər göndərməyə hazırlaşdığını bildirir.
Beynəlxalq qanunlar kosmosda hərbi silah yerləşdirməyi qadağan etsə də, son dövrlərdə bu qaydalara ciddi yanaşılmadığı aydın görünür. Çin də boş dayanmayaraq Ay missiyalarını sürətləndirir və kosmosda gücünü artırmaq üçün yeni layihələr həyata keçirir. Bəzi iddialara görə, Çin də ABŞ kimi silahlı peyklər yerləşdirməyi planlaşdırır.
ABŞ prezidenti Trampa bütün bu detalların izah edildiyini nəzərə alsaq, onun NASA-nın yalnız hərbi layihələrə fokuslanmasını istəməsi ehtimalı çox yüksəkdir.
Əgər bu plan həyata keçirilərsə, NASA tarixində dönüş nöqtəsi olacaq və təşkilatın elmi tədqiqatlardan kənarlaşdırılmasına səbəb ola bilər.
Paşa Məmmədli