"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə beynəlxalq radionun canlı yayımında çıxışı zamanı Böyük Qayıdış və Qərbi Azərbaycan məsələsinə toxunub. O, bildirib ki, bu proseslər Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və beynəlxalq hüquq müstəvisində müzakirə olunmalıdır.
Cəsarət Hüseynzadənin sözlərinə görə, Azərbaycan vətəndaşları tarix boyu öz dədə-baba torpaqlarından məcburi köçkün salınıb:
"100 minlərlə Azərbaycan vətəndaşı öz dədə-baba torpaqlarından könüllü deyil, məcburi şəkildə qovulub. Bu proses təkcə 1990-cı illərdə deyil, XX əsrin əvvəlindən müxtəlif dövrlərdə baş verib. İnsanların öz yurdlarından zorla qovulması beynəlxalq hüquqa zidd bir cinayət əməlidir və bu məsələ dəfələrlə qaldırılmalı, beynəlxalq hüquq çərçivəsində müzakirə olunmalıdır."
O, vurğulayıb ki, bu proseslər sülh yolu ilə həyata keçirilməlidir:
"Bizim mövqeyimiz ondan ibarətdir ki, qayıdış yeni sülh formatında baş verməlidir. Ermənistanın Azərbaycan ərazisində formalaşmış bir dövlət olduğu beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməlidir. Biz, vətəndaşlarımızın sülh yolu ilə dədə-baba torpaqlarına qayıtmasının tərəfdarıyıq."
Cəsarət Hüseynzadə QHT-lərin bu prosesdə mühüm rol oynadığını qeyd edərək, faktların toplanmasının və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayıb:
"QHT-lər bu məsələdə mühüm rol oynamalıdır. Xüsusilə qovulan insanların əlində çoxlu tarixi sübutlar, sənədlər və şəxsi hekayələr var. Biz bu məlumatları toplayıb sənədləşdirməliyik. Çünki onların hər biri bizim tariximizin bir parçasıdır."
Bundan əlavə, o, Azərbaycanın tarixi abidələrinin məhv edilməsi və saxtalaşdırılması cəhdlərinə toxunaraq, bu istiqamətdə elektron kataloq yaradıldığını bildirib:
"Tarixi abidələrimiz ya məhv edilib, ya da saxtalaşdırılıb. Biz abidələrin elektron kataloqunu yaratmışıq ki, bu məlumatlar xarici auditoriyaya çatdırılsın. Kataloq Azərbaycan, rus və ingilis dillərində hazırlanır və xarici mütəxəssislərin də məlumatlı olması üçün davamlı olaraq yenilənəcək."
Sonda Cəsarət Hüseynzadə Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstəyi qeyd edərək, QHT-lərin bu prosesdə daha aktiv iştirak etməli olduğunu bildirib.
Pərvanə Fərhadqızı
QHT.az