AZ

Şenol Günəş dönəmi bitdi, Fatih Tekke dönəmi başladı

Türkiyənin “Trabzonspor” komandasının baş məşqçisi Şenol Günəş istefaya göndərilib, onu bu postda Fatih Tekke əvəz edib.

Arena.az bu barədə Trabzon klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Şenol Günəşin istefasına komandanın Super Liqanın 2024/2025 mövsümündəki uğursuz çıxışı səbəb olub. 72 yaşlı mütəxəssis 2024-cü ilin sentyabrında beşinci dəfə “Trabzonspor”un baş məşqçisi təyin edilmişdi. Bu müddətdə o, komandanı 26 oyuna (10 qələbə, 7 heç-heçə, 9 məğlubiyyət) çıxarıb.

Qeyd etdiyimiz kimi, 72 yaşlı mütəxəssis daha öncə dörd dəfə bu komandanın sükanı arxasında çalışmışdı. O, məşqçiliyə 1988-ci ildə “Trabzonspor”da köməkçi kimi başlayıb. Elə həmin il o, komandanın baş məşqçisi təyin edilib. İlk dönəmində komandanı 36 oyuna çıxarmış Günəş, bir il sonra postundan ayrılıb. 1993-cü ildə yenidən Trabzona köməkçi məşqçi kimi qayıdan Şenol, elə həmin il baş məşqçi də təyin olunub, 1997-ci ilə qədər komandanı 150 oyuna çıxarıb. Üçüncü dönəm 2005-ci ilə təsadüf edib və 29 matçla yekunlaşıb. Günəş 2009-2013-cü illər aralığında da trabzonluların uğurları üçün çalışıb – 145 oyun.

Təcrübəli məşqçi Türkiyə millisinə, “Boluspor”, “İstanbulspor”, “Antalyaspor”, “Sakaryaspor”, “Seul”, “Bursaspor”, “Beşiktaş” kimi komandalara da rəhbərlik edib.

Fatih Tekkenin sonuncu iş yeri isə “Alanyaspor” olub. 47 yaşlı mütəxəssis 2023-cü ilin noyabrından rəhbərlik etdiyi Antalya klubunu 2024-cü ilin noyabrında tərk edəndən bəri işsiz idi.

Fatih Tekke məşqçilik karyerası ərzində Türkiyənin U-23 yığmasına, həmçinin “Kayseri Ərciyəsspor”, “Boluspor”, “Manisaspor”, “Dənizlispor”, “Bursaspor” və “İstanbulspor” kimi komandalara da rəhbərlik edib.

“Trabzonspor” cari mövsümdə 25 oyuna topladığı 32 xalla Super Liqanın yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Trabzon təmsilçisi bu görüşlərdə 8 qələbə, 8 heç-heçə və 9 məğlubiyyət görüb.

Seçilən
45
arena.az

1Mənbələr