AZ

Hamiləlikdə qan azlığının 10 əlaməti

Hamiləlik dövründə bədəndə mühüm dəyişikliklər baş verir. Bədəndəki qan miqdarı təxminən 20-30 faiz artır, bu da bədənin hemoqlobin istehsalı üçün daha çox dəmir və vitaminə ehtiyac duymasına səbəb olur. Bir çox qadın ikinci və üçüncü trimestrlərdə kifayət qədər dəmir qəbul edə bilmir. Bu isə qan azlığına yol açaraq ana və körpə üçün ciddi sağlamlıq problemləri yarada bilər.

 

Pravda.az bildirir ki, erkən doğum və doğuşdan sonrakı qanaxma riskini artıran, hətta ana ölümlərinin 60 faizinə səbəb olan qan azlığı dəmir, fol turşusu və B12 vitaminləri vasitəsi ilə müalicə edilə bilər. Bu səbəbdən hamilə qadınlar qan dəyərlərini mütəmadi nəzarətdə saxlamalıdırlar.

 

Körpənizin gələcəkdə hipertoniya xəstəsi olmaması üçün diqqətli olun

 

Qan azlığı (anemiya) qan hemoqlobin səviyyəsinin 11 mg/dl-dən aşağı düşməsi ilə xarakterizə olunur və hamiləlikdə ən çox rast gəlinən problemlərdən biridir. Həkimlərin sözlərinə görə, bu vəziyyətdə halsızlıq, tez yorulma, həzm problemləri, erkən doğum və doğuşdan sonra qanaxma kimi risklər artır.

 

Bundan əlavə, qan azlığı olan analardan doğulan körpələrdə inkişaf geriliyi və davranış pozuntuları müşahidə edilə bilər. Araşdırmalar göstərir ki, hətta böyüklərdə rast gəlinən hipertoniyanın da ananın hamiləlik zamanı qan azlığı yaşaması ilə əlaqəsi var.

 

Anemiyanın ən çox rast gəlinən əlamətləri

 

Halsızlıq və yorğunluq

 

Üşümə hissi

 

Nəfəs darlığı

 

Baş gicəllənməsi və zəiflik

 

Ürək döyüntüsünün sürətlənməsi

 

Baş ağrısı

 

Solğun və quru dəri

 

Dərinin asan göyərməsi

 

Dil ağrısı və qızartısı

 

Hamilə qadınların yarıdan çoxu qan azlığından əziyyət çəkir

 

İnkişaf etməkdə olan ölkələrdə hamiləlikdə qan azlığına 50 faizdən çox rast gəlinir və ana ölümlərinin 40-60 fazinin səbəbi hesab olunur. Həkimlərin fikrincə, ən çox dəmir və fol turşusu çatışmazlığı səbəbindən anemiya inkişaf edir. B12 vitamini çatışmazlığı da qansızlığın əsas səbəblərindən biridir.

 

Hamiləlikdə qan azlığı riskini artıran əsas səbəblər:

 

Qısa müddət sonra ikinci hamiləliyin baş verməsi

 

Əkiz və ya çoxdöllü hamiləlik

 

Səhərlər ürəkbulanma və tez-tez qusma

 

Dəmir baxımından zəngin qidaların kifayət qədər istehlak olunmaması

 

Hamiləlikdən əvvəl güclü menstrual qanaxmaların olması

 

Hamiləlikdən əvvəl anemiya keçmişinin olması

 

Hamiləlikdə dəmir qəbulu mütləqdir

 

Hamiləlik zamanı qanın həcmi artır və ana gündəlik 4 mg dəmirə ehtiyac duyur. Bu, hamiləlikdən əvvəlki dövrlə müqayisədə iki dəfə çoxdur. Qidalardakı dəmirin yalnız 10 faizi sorulduğuna görə, hamiləlikdə əlavə dəmir istifadəsi vacibdir.

 

Həkimlər bildirir ki, hemoqlobin və ferritin səviyyələri erkən dövrdə yoxlanmalı və dəmir çatışmazlığı aşkar edilməlidir. Heyvan mənşəli qidalar və C vitamini ilə zəngin qidalar rasiona daxil edilməlidir. Əgər qan azlığı yoxdursa, gündə 60 mg dəmir tövsiyə edilir. Anemik hamilələrdə isə 100 mg və daha çox doza qəbul edilə bilər.

 

Fol turşusu ilə zəngin ispanaq istehlak edin

 

Hamiləliyin erkən dövrlərində fol turşusu çatışmazlığı körpədə dodaq-damaq yarığı və spina bifida kimi qüsurlara səbəb ola bilər. Bundan əlavə, fol turşusunun çatışmazlığı erkən doğum riskini də artırır.

 

Fol turşusu brokoli, brüssel kələmi və ispanaqda bol miqdarda mövcuddur, lakin bişirilmə zamanı təsiri azalır. Həkimlər hamiləlikdən əvvəl gündə 400 mikroqram fol turşusu qəbul etməyi tövsiyə edirlər. Əgər ciddi fol turşusu çatışmazlığı və anemiya aşkar edilərsə, gündəlik 5 mg doza ilə müalicə aparılmalıdır.

 

Hamiləlikdə B12 vitamini qəbulu vacibdir

 

Hamiləlik zamanı fetus daha çox qidaya ehtiyac duyduğuna görə anada B12 çatışmazlığı baş verə bilər. Vegetarianlar, siqaret çəkənlər və əvvəllər doğum kontrol həbi istifadə edənlərdə B12 çatışmazlığı riski daha yüksəkdir.

 

B12 çatışmazlığının hətta sonsuzluğa səbəb olduğu məlumdur. Həkimlərin sözlərinə görə, B12 çatışmazlığı zamanı əl və ayaqlarda keyimə, halsızlıq və diqqət pozğunluğu kimi əlamətlər ortaya çıxır. Körpələrdə isə 6-cı aydan etibarən inkişaf geriliyi və anemiya ilə müşayiət olunan sindrom yarana bilər.

 

Həkimlər vurğulayırlar ki, B12 vitamini heyvan mənşəli qidalarda yüksək miqdarda mövcuddur.  Ehtiyac olarsa, oral və ya iynə şəklində B12 preparatları qəbul edilməlidir.

 

Əminə Bayramova

Tarix: 11 Mart 2025, 09:14   
Seçilən
51
pravda.az

1Mənbələr