Son günlər paytaxtdaxili yollarda və şəhərə giriş-çıxış yollarında nəqliyyat vasitələrinin intensiv sıxlığı müşahidə edilir. Xüsusən günün səhər və axşam saatlarında tıxaclar ifrat formada qeydə alınır. Sürücülər və sərnişinlər isə sözügedən vəziyyətdən şikayətçidir.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirib ki, tıxacların əsas səbəblərindən biri gün ərzində bəzi yollarda icra edilən təmir işləridir:
“Tıxaclar ümumi olaraq çox genişmiqyaslı mövzudur. Bir çox yollarda, yeri gəlmişkən, Ziya Bünyadov prospektinin köməkçi yolundan “Koroğlu” metrostansiyası istiqamətinə getdikdə günün günorta çağı təmir işləri aparılır. Əfsus ki, heç də ürəkaçan bir şey deyil. Onsuz da 1 avtobus zolağı mövcud olduğu halda, yeganə ehtiyat zolaqla o boyda axının qarşısını almaq aydın məsələdir ki, tıxacla nəticələnir.
Bakıda gecə saatlarını çıxmaq şərti ilə günün istənilən saatında tıxacla qarşılaşmaq qaçılmazdır. Günün səhər saatlarında hansısa yolu qismən bağlayıb, digər yolu tənzimləmək çıxış yolu deyil”.
Ekspert qeyd edib ki, tıxacların yaranmasında valideynlərin də rolu var:
“Bir çox valideynlər uşaqları dərs şəxsi maşınları ilə aparıb-gətirir. Bu isə tıxacların yaranmasında birbaşa rol oynayan faktordur. Buna görə də bu mövzuda sürücüləri də qınamaq olar. Təbii olaraq, əgər yol nəqliyyat vasitələrinin axınına tab gətirə bilmirsə, mütləq tıxac yaranacaq.
Bakının yeni Baş Planına əsasən, çox güman ki, şəhərin mərkəzində nəqliyyat vasitələrinin sayı azalacaq. İndi isə çox acınacaqlı vəziyyətdir”.
Nazim Hacıyev
Telegram kanalımız