"Vəziyyət ilk növbədə Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu xatırlatma xarakteri daşıya bilər. Bu isə onun geosiyasi orientasiyasını Qərbə yönləndirmək cəhdinin bir hissəsi kimi qiymətləndirilə bilər. Son dövrlərdə Ermənistanın Fransa və Hindistanla hərbi əməkdaşlığını genişləndirməsi də bu kontekstdə diqqət çəkir."
Hərbi ekspert Azər Bayramov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Bundan əvvəl də Ermənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın texnikalarının görüntülərini müşahidə etmişdik. Stasionar şəkildə yerləşdiyi ərazilərdə bu bazaya aid üç hərbi poliqon – Nubaraşen, Kamxud və Alagöz poliqonları mövcuddur. Həmin ərazilərdə keçirilən təlimlərə məhz bu texnikalar cəlb edilir.
Hesab edirəm ki, bu təlimlər Rusiya tərəfindən Ermənistandakı hərbi mövcudluğunu gücləndirmək istəyən üçüncü ölkələrə bir mesaj xarakteri daşıyır. Rusiyanın Ermənistandakı səfiri Sergey Kapırkinin sözlərinə görə, İrəvan Moskvanın 102-ci hərbi bazasının və sərhəd qoşunlarının ölkədəki mövcudluğunu müsbət qiymətləndirir."