“Mançester Yunayted”in və İrlandiya yığmasının əfsanəsi Roy Kin “qırmızı şeytanlar”ın çıxışı ilə bağlı maraqlı açıqlaması ilə gündəmə gəlib.
Arena.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 28-ci turunun “Arsenal”la ev oyunundakı 1:1 hesablı heç-heçəsi müqabilində Mançester təmsilçisinə rişxənd edib:
“Əvvəllər bizi heç-heçələrə görə fitə basardılar. Görün, o vaxtdan bəri, indi hər şey necə dəyişib. İndi komandaya buna görə alqış edirlər”, deyə Roy Kin eyhamla vurğulayıb.
“Mançester Yunayted”in 25 yaşlı portuqal sağ cinah müdafiəçisi Dioqo Dalo da “Arsenal”la ev oyunundakı 1:1 hesablı heç-heçəni şərh edib:
“Əgər biz oyuna nəzarət etsəydik və 3:0 hesablı qələbə qazansaydıq, mən buna daha şad olardım. Amma indi bizə, bu yolu arayıb-tapmaq gərəkdir”, deyə Dalo vurğulayıb.
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim isə öz rəhbərliyi altında “qırmızı şeytanlar”ın gələcəyi ilə bağlı nikbin fikirdədir. Portuqal mütəxəssisin müvafiq qənaətinə diqqət yetirək:
“Komandada çox şey dəyişir, amma hələ bu, görünmür. Mən futbolçuları tanıyıram və bizim gələcəyimizi görürəm”, deyə Amorim razılıqla bildirib.