Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, bu gün Sosial Tədqiqatlar Mərkəzi və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irs” kitabının üçüncü cildinin təqdimat mərasimində çıxış edib.
QHT.az xəbər verir ki ,o, çıxışında Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın geri qayıtmasının qarşısında duran əsas problemləri vurğulayaraq bildirib:
"Əsas fərq ondan ibarətdir ki, soydaşlarımız qayıda bilmirlər. Çünki deportasiya baş verib. Bunun səbəbləri barədə davamlı danışmalıyıq – nə üçün baş verdi, hansı hüquqi aspektlər imkan verir, hansı yanlış addımlar atılıb. 2008-ci ildə cənab Prezidentin fərmanına əsasən deyə bilərəm ki, müstəqil sovet Azərbaycanı ilk illərdə daşnaklara qarşı mübarizə aparıb. Həmin dövrdə soydaşlarımızın geri qayıtmaq imkanı olmayıb. Sonrakı mərhələdə müəyyən qismi geri dönsə də, qaçqın vəziyyətinə düşüb".
O, deportasiyanın müxtəlif tarixi dövrlərdə fərqli xarakter daşıdığını qeyd edib:
"İkinci deportasiya tamamilə fərqli beynəlxalq geosiyasi mühitdə baş verdi. Buna İkinci Dünya müharibəsi donu geydirildi və formal olaraq könüllü kimi təqdim olundu. O dövrdə Azərbaycan rəhbərliyi ciddi addımlar atmadı. Ədalətli müqayisə aparsaq, görərik ki, üçüncü deportasiya SSR rəhbəri tərəfindən törədilən Stalin dövründəki deportasiyadan daha ağır cinayət idi və Azərbaycanın o vaxtkı rəhbərliyi erməni lobbisi ilə birgə fəaliyyət göstərirdi", – deyə Əli Hüseynli vurğulayıb.