“Real”ın ukraynalı qapıçısı Andrey Lunin İspaniya La Liqasının 28-ci turunda “Rayo Valyekano”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Madrid təmsilçisi ev oyununda 2:1 hesablı qələbəni bayram edib.
Ukraynalı qapıçının bu oyun barədə fikrini təqdim edirik:
“Bu üç xal, qarşıda bizi gözləyən çox vacib bir oyun ərəfəsində bizim üçün çox vacibdir”, deyə Lunin “qaymaqlılar”ın Çempionlar Liqasının 1/8 finalının səfərdə Madrid “Atletiko”su ilə cavab oyununa işarə vurub.
Lunin “qaymaqlılar”ın, Çempionlar Liqasının 1/8 finalının səfərdə Madrid “Atletiko”su ilə cavab oyununa hazır olduğu qənaətindədir:
“Bu, Çempionlar Liqasıdır, bizim klubumuzun yarışıdır. Biz də üzərimizdə hansı məsuliyyətin olduğunu bilirik”, deyə ukryanalı qolkiper vurğulayıb.
Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. Lunin karyerası ərzində “Dnepr”, “Zarya” (Luqansk), “Real”, “Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zarya”dan 8,5 milyon avro məbləğ müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb.
Cari mövsümdə Lunin “Real”ın heyətində bütün yarışlarda 10 oyun keçirib, 13 qol buraxıb, 4 oyundan “quru” qurtulub. Luninin “Real” karyerası ümumilikdə 58 oyun, 64 buraxılmış qol və 20 “quru” oyundan ibarətdir.
Andrey Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 13 oyun keçirib, 11 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.
Andrey Luninin qənimətlər muzeyində olan bütün klub qənimətləri ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası (2 dəfə), İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası (2 dəfə), UEFA Super Kuboku (2 dəfə), FIFA Klub Dünya Kuboku daxildir.
“Transfermarkt” internet-portalı 26 yaşlı ukraynalı qapıçı Andrey Luninin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.