1991-ci ildə müstəqilliyimizi qazandıqdan sonra ölkə olaraq çətin günlərdən keçmişik. Həmin dövrdə ölkədə siyasi sabitliyin yaradıla bilməməsinin iki səbəbi var idi.
- Hakimiyyətdəki şəxslərin dövləti onun maraqlarına uyğun deyil, öz maraqlarına uyğun olaraq idarə etməsi
- Tarixən uzun müddətdir davam edən, lakin 1989-cu ildən daha da güclənən Qarabağ mübarizəsi
Ölkədəki bu qeyri-sabitlik 1993-cü ilə qədər davam etməkdə idi, lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ilk öncə ölkə daxilindəki qeyri-sabitlik sona çatdı. Daha sonra Ulu Öndərin uzaqgörənliyi ilə atılan addımlar nəticəsində Azərbaycanın xarici siyasəti bərpa olunmağa başlandı. İlk öncə Bişkek protokolu ilə atəşkəş elan olundu və ölkə iqtisadi cəhətdən yüksəlişə keçməyə başladı. Daha sonra yürüdülən diplomatik danışıqlar nəticəsi ilə Azərbaycanın Amerika, bir sıra Avropa ölkələri və bir sıra Asiya ölkələri ilə iqtisadi və siyasi birliyi baş tutdu. Ulu Öndərin səyi ilə Azərbaycanın zəngin enerji resursları digər ölkələrə ixrac olunmağa başladı. Bunun nəticəsində Azərbaycan iqtisadi cəhətdən inkişafa keçdi. Daha sonra Ulu Öndərin yeritdiyi uğurlu xarici diplomatiya sayəsində iki nəhəng dövlətlə Rusiya və İranla qonşuluq münasibətləri bərpa olundu və iqtisadi əlaqələr gücləndirildi.
Bu gün də müdrik dövlət xadimi Heydər Əliyevin ideyaları uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ilə zamanında uğurla qurulan iqtisadi və siyasi əlaqələr daha da gücləndirildi. Cənab Prezident İlham Əliyevin xarici siyasəti uğurla yeritməsinin sübutu olaraq 2020-ci ildə baş vermiş Azərbaycanın Zəfəri ilə tamamlanan Qarabağ müharibəsini qürurla qeyd edə bilərik. Təsadüfi deyil ki, ukraynalı diplomat Aleksey Arestoviç mediaya verdiyi müsahibəsində: “Prezident İlham Əliyev öz xarici siyasətinə görə postsovet ölkələri üçün nümunədir. Çünki O Qərbə heç bir zaman güvənmədi, Rusiyaya qarşı isə balansını sonuna qədər qoruya bildi, lazım gələndə Rusiyaya qarşı öz mövqeyini qoydu. Ukrayna diplomatiyasının Azərbaycandan öyrənməli olduğu çox şeylər var”, - deyə qeyd edib. Bütün bunların nəticəsi olaraq deyə bilərik ki, İlham Əliyev yürütdüyü uğurlu həm xarici, həm də daxili siyasət nəticəsində dünya liderlərinə örnəkdir. Həmçinin onun apardığı uğurlu siyasət nəticəsində həm ölkə iqtisadi cəhətdən daim yüksəlişdədir, həm də Azərbaycanın nəinki Qafqazda, dünya dövlətləri arasında mövqeyi möhkəmlənib.
Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Təməli Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın xarici siyasətini cənab Prezident İlham Əliyev uğurla davam etdirərək ölkəmizi qüdrətli dövlətə çevirib. Nəticə olaraq bu gün Azərbaycan nəinki Qafqazda, dünyada öz sözünü deyəcək gücə mənsubdur. Regional güc mərkəzinə çevrilən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb. Və günü-gündən inkişaf edən Azərbaycanla bu gün bir çox ölkələr əlaqələr yaratmağa çalışır.
Turan ƏLİZADƏ
Azərbaycan Universitetinin
politologiya ixtisası üzrə II kurs tələbəsi