Bu gün Sosial Tədqiqatlar Mərkəzi və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irs” kitabının üçüncü cildinin təqdimat mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova çıxış edərək, kitabın əhəmiyyətini vurğulayıb:
"Söhbət təkcə qərbi azərbaycanlı olmaqdan getmir, bütöv Azərbaycanlı olmaqdan gedir. Mən hər kəsin ürəyindəki Azərbaycan sevgisinə heyranlığımı bildirirəm."
O, kitabın hazırlanmasında böyük əmək sərf olunduğunu qeyd edib və onun yüksək dəyərə malik olduğunu vurğulayıb:
“Bu kitabın üstünlüyü ondadır ki, abidələrin fotoları alt yazıları ilə təqdim edilir. Lakin bəzi hallarda orfoqrafik səhvlərə yol verilir. Bir hərfin yanlış yazılması həmin toponimin tamamilə fərqli ifadə olunmasına səbəb ola bilər. Olanları bir hərf səhvi ilə olmamış kimi sübut etmək mümkündür. Ensiklopediya tipli kitab olan bu nəşr torpağın köksündə yatan tarixi əks etdirir və tarixdən xəbər verir.”