AZ

Son zamanlar spirtli içkilərdən zəhərlənmə halları niyə artıb?

Ekspert bildirib ki, ucuz və ev şəraitində hazırlanan bəzi spirtli içkilərin tərkibində insan orqanizmi üçün zərərli olan metil spirti ola bilər.

Son zamanlar spirtli içkidən zəhərləmə halları artıb. Ötən ay 9 nəfər spirtli içkidən zəhərlənib. 

Bəs son zamanlar spirtli içkilərdən zəhərlənmə halları niyə artıb?

Mövzu ilə bağlı qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Operativ Media-ya danışıb.

O bildirib ki, spirtli içkilər alarkən keyfiyyətli, sertifikatı olan və etibarlı markalara üstünlük verilməlidir: "Hər bir spirtli içkinin özünəməxsus saxlanma şəraiti mövcuddur. Bəzən vətəndaşlar düzgün spirtli içki alsalar da, onun saxlanma şəraitinə diqqət yetirmədikləri üçün keyfiyyətində dəyişikliklər baş verir. Xüsusilə şərab və digər alkoqollu içkilərin qapağı açıldıqdan sonra müəyyən istifadə müddəti olur. Buna diqqət etmək vacibdir. Çünki oksigenlə təmas nəticəsində içkinin tərkibində dəyişikliklər baş verə bilər ki, bu da insan orqanizmində müxtəlif reaksiyalara səbəb ola bilər.

Alkoqollu içkilər dedikdə əsasən araq, viski, rom və müxtəlif növ şərablar nəzərdə tutulur. Bütün bu içkiləri alarkən diqqət yetirilməli əsas məqam onların keyfiyyətli və təzə olmasıdır. Bəzi şərabların uzunmüddətli saxlanma potensialı olsa da, əgər düzgün texnologiya ilə istehsal edilməyibsə və keyfiyyətsiz üsullarla hazırlanıbsa, bu sağlamlığa ciddi ziyan vura bilər".

Qida eksperti bildirib ki, hər bir insan orqanizminin spirtli içkilərə dözümlülüyü fərqlidir: "Bəzən keyfiyyətli məhsul olsa da, orqanizmin spirtə dözümlülüyü yoxdursa, yan təsirlər – ürəkbulanma, başgicəllənmə, baş ağrısı və digər əlamətlər meydana çıxa bilər. Ac olarkən spirtli içki qəbul etmək tövsiyə edilmir. Çünki bu ciddi fəsadlara səbəb ola bilər.

Bundan əlavə bəzi dərman vasitələri ilə spirtli içkilərin qəbulu qətiyyən uyğun deyil. Çünki spirtin orqanizmdən tam xaric olması 24-48 saat çəkir. Bu müddətdə müəyyən dərmanlarla qarşılıqlı təsir təhlükəli nəticələrə gətirib çıxara bilər.

Xüsusilə mənşəyi məlum olmayan keyfiyyətsiz üsulla hazırlanan içkilər böyük təhlükə daşıyır. Zəhərlənmələrin əksəriyyəti belə hallarda baş verir. Ucuz və ev şəraitində hazırlanan bəzi spirtli içkilərin tərkibində insan orqanizmi üçün zərərli olan metil spirti ola bilər. Bu da ciddi zəhərlənməyə, hətta ölümə səbəb ola bilər. Belə hallarda ürəkbulanma, görmədə zəiflik, başgicəllənmə kimi simptomlar müşahidə olunduqda dərhal həkimə müraciət edilməlidir".

Son günlər baş verən zəhərlənmələr əsasən texniki spirtin istifadəsi ilə əlaqələndirilir. Bəs insanlar niyə bu yola əl atırlar? Bunun əsas səbəbi sosial-iqtisadi vəziyyət, maddi çətinliklər və bəzi hallarda məlumatsızlıqdır. İnsanlar daha ucuz alternativlər axtararkən sağlamlıqlarını riskə atırlar. Hətta bəzən ev şəraitində heç bir nəzarətdən keçməyən spirtli içkilər hazırlanır ki, bu da ciddi təhlükələr yaradır.

Bu cür halların qarşısını almaq üçün maarifləndirmə tədbirləri gücləndirilməlidir. Apteklərdə dezinfeksiyaedici vasitə kimi satılan spirtdən spirtli içki kimi istifadə olunmasının qarşısı alınmalıdır. Çünki bu məhsullara hər kəsin sərbəst çıxışı var. Və bu məhsulun qadağa qoymaq yolverilməzdir. Maarifləndirmə işləri geniş miqyasda aparılmalıdır.

Seçilən
26
operativmedia.az

1Mənbələr