Misli Preymer Liqasının XXVI turunda “Turan Tovuz”un göz-gözü görmədiyi dumanda “Neftçi”nin qapısına vurduğu qol bizi 25 tur arxaya – çempionatın açılış turuna apardı. “Neftçi” nə 1-ci, nə də 18-ci turda “Turan Tovuz”a qalib gələ bilmədi (0:0; 1:1).

Payızdan qopub qışa düşdük, baharın ilıq nəfəsi yurdumuzda hiss olundu, ancaq nə bəladırsa, “Neftçi” Tovuz təmsilçisini məğlub edə bilmədi. Hər sahədə - maddi, infrastruktur, oyunçu bazası, azarkeş dəstəyi baxımından üstün olan “ağ-qaralar” meydançada 10 nəfərlə qalan rəqibin müqavimətini qıra bilmədilər.

Üç tur öncə “Qarabağ” azlıqda qalanda da belə olmuşdu. “Neftçi” həmin oyunu hətta uduzmuşdu... Bu gün “Turan Tovuz”a doğma meydanda, say üstünlüyü ilə qalib gəlməmək, son saniyələrdə qol buraxmaq elə məğlubiyyətə bərabərdir. Bəziləri Kurban Berdiyevin komandasının müdafiə futbolu oynadığını, qapalı futbol göstərməsini əsas gətirib, “Neftçi”yə haqq qazandırmağa çalışacaqlar. Burda nə yenilik var? Bu respublikada “Turan Tovuz”un praqmatik taktika seçdiyini, yalnız nəticəyə, çox hallarda baxımsız oyuna üstünlük verdiyini bilməyən qalıb ki? Kurban Berdiyev hələ Tovuz klubuna gəlib çıxmamış, gözəl oyun getmişdi işinin dalınca. Deməli, rəqibi düzgün analiz edib, A, B, lazım gələrsə, C planları hazırlamaq lazım idi.

İnsaf naminə deyək ki, dünən “Neftçi” rəqibindən xeyli yaxşı görünürdü. Lakin bir faktı anlamaq lazımdır: turnir cədvəli yaxşı oyuna görə yox, nəticələrə əsasən formalaşır. Əgər “Neftçi” mövsüm ərzində “Turan”a qalib gələ bilmirsə, üstəlik 10 nəfərlə qalmış rəqibdən qol buraxırsa, buna görə birbaşa məşqçi korpusu günahkardır.

Baho! Günah nədir? Heç bizim məmləkətdə baş məşqçi Samir Abasovun “məsuliyyəti üzərimə götürürəm” dediyini görən oldumu? Bu çalışdırıcı ilə keçmiş baş məşqçi Roman Qriqorçuk arasında nə fərq var ki? Onların hər ikisinin komandası “Turan Tovuz”a qalib gələ bilməyib və hər ikisi özlərindən başqa hamını ittiham etməyi sevir. Uğursuzluqda az qala klubun xadiməçisini də günahlandırarlar, təki özlərinə dəyib-dolaşan olmasın.

Abasov deyir ki, komandanı 5 xal olanda götürmüşdüm, indi məndən nə istəyirsiniz? Onun rəhbərliyi altında “Neftçi” 17 oyuna 51 mümkün xaldan 23-nü yığıb – məhsuldarlıq 45%. Bu, yüksək yox, orta nəticə sayılır.

Abasov deyir ki, Ağadadaş Salyanskini ötən həftə tənqid eləmişəm, ona görə yaxşı oynamağa başlayıb. Nə gözəl! Siz ki vəziyyətdən çıxış yolunu tapmısınız. Buyurun, davam edin. Mövsüm başlar-başlamaz əvvəlcə milli komandamızı, daha sonra “Neftçi”ni böyrü üstə qoyan Ramil Şeydayevi, faydalılıq əmsalı günü-gündən aşağı enən Azər Salahlını, yığmamızın “olmazsa olmaz”ı Höccət Haqverdini, Bakıda unudulmaz istirahət günləri keçirdiyinə görə futbolçu qismində əsas vəzifəsinin qol vurmaq olduğu yaddan çıxaran Yeqor Boqomolskini öz üsulunuzla sıraya qaytarın.

Abasov deyir ki, “Neftçi”nin ətrafında neqativ axtarmağa çalışırsınızsa, bunun sonu yoxdur”. Psixoloji ifadə var: bir problem haqqında həddən artıq düşündükdə, siz yeni problem yaradırsınız, halbuki həmin vaxta qədər mövcud deyildi. Hər dəfə Samir Abasov mesajlarını “Neftçi”nin rəhbərliyinə mətbuat vasitəsilə o qədər ehtiyatla çatdırır ki, özü haqqında sadəlövh obrazı yaradır. Doğrudanmı, baş məşqçi düşünür ki, bu rəhbərliklə “Neftçi”ni parlaq gələcək gözləyir? Samir Abasov klubun idman üzrə müşaviri Kamil Məmmədovu və futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizovu məndən və ya səndən pis tanıyır? Çoxlarına məlumdur ki, bu 2 şəxs, xüsusilə K.Məmmədov səbirsizliklə yay “transfer pəncərəsi”nin açılmasını gözləyir ki, harada ustalıq səviyyəsi aşağı olan, Azərbaycan çempionatında oynamaqdan başqa çıxış yolu qalmayan əcnəbi futbolçuları əlverişli şərtlərlə və şəxsi maraqlar çərçivəsində vaqona doldurub gətrsin “Neftçi”nin bazasına.

Əgər bir klubun baş icraçı direktoru  - Cenk Sümer - legionerdirsə, burada əcnəbilərə sevgi haqda ballada oxumaqdan başqa nə qalır ki? Çox güman ki, Samir Abasovu yayda Roman Qriqorçukun aqibəti gözləyir. Ukraynalı de-fakto komandaya cəmi bir futbolçu gətirmişdi – həmyerlisi Andrey Ştoqrini. Bu dəfə də Abasova 1 futbolçunu seçmək imkan verilər, tamahına sahib çıxa bilməyən, legionerləri kluba sırımaqda məşhurlaşan Kamil Məmmədovlu trio isə 11 legionerin ürəyini fəth edər. Özü də legioner limitinin ləğv olunduğu mövsüm ərəfəsində... Bizi əsl kef gözləyir...

...Dünən “Neftçi Arena”ya çökən qatı duman sanki rəmzi məna daşıyırdı. Təbiət bizə meydançaya yaxşı-yaxşı baxmağı, vaxtilə yüz minlərlə azarkeşin könül verdiyi, ancaq son illərdə keçmişi də, gələcəyi də rəzil gününə salınan “Neftçi”ni axtarmağı işarə edirdi. Bu, sanki isti gündüz və soyuq gecə arasındakı temperatur fərqindən yox, “Neftçi”niin şərəfli keçmişi və indiki acizliyi arasındakı disbalansdan yaranan duman idi... Azərbaycan klub futbolunun bir başağrısı var, o da “Neftçi”...