AZ

The German question: Alman məsələsi

Ukrayna ilə bağlı bir çox yazılarımda Ukrayna savaşının ABŞ üçün artıq əhəmiyyətinin qalmadığını, Avropanın bu məsələdə öncü rol alacağını yazarkən daim vurğuladığım bir nüans var. German Question/Германский вопрос/Alman məsələsi. Ukrayna savaşı tamamilə bir Alman məsələsidir. Nə deməkdir Alman Məsələsi..?

Xüsusilə 17-ci əsrin sonlarında Anglo-sakslar üçün ən önəmli məsələ Rusiya və Almaniya arasında baş verə biləcək ittifaq və yaxud yaxınlaşmanı məhv etmək idi. Bu Londonda formalaşmış köhnə qorxudur. Onlar geosiyasətlə bağlı elmi traktatlarında həmişə yazırdılar ki, anqlosakslar üçün ən pis qorxu Almaniya və Rusiyanın birləşməsidir. Bunun baş verməməsi üçün onların arasında bufer yaratmaq lazımdır. Bu bufer Polşa və Ukraynadır. Onlar Avropanın texnoloji mərkəzi ilə enerji və xammal mərkəzinin Rusiya timsalında birliyinin formalaşmasına mane olmaq üçün hər şeyi edirlər. Üstəlik unutmayaq ki, iqtisadi birlik rəvan şəkildə siyasi, sonra isə xarici siyasətə çevrilir.

Bismark dövründə London hər zaman ikili arasında konflikt yaratmağa cəhd edirdi. Mühafizəkar Bismarkın Rusiyaya qarşı mülayim mövqeyi həm Krım müharibəsi zamanı, həm də 1863-cü ildə Polşa üsyanının başlaması ilə, onun rəhbərlik etdiyi Prussiya hökumətinin Peterburqa təzyiqləri dəstəkləmədiyi və Rusiya hakimiyyət orqanları ilə hərbi konvensiya imzaladığı zaman mühüm əhəmiyyət kəsb edirdi. Rusiya və Prussiya 1871-ci ildə fəal şəkildə bir-birinə kömək etdilər. 2-ci Aleksandr Romanovların ənənəvi legitim siyasətinə zidd olaraq Almaniyanın birləşməsini dəstəklədi, Berlin isə Krım müharibəsinə son qoyan 1856-cı il Paris Sülh Müqaviləsindən Rusiya üzərindəki məhdudlaşdırıcı maddələrin çıxarılmasını təsdiqlədi. Lakin artıq 1875-ci ildə, Avropada hərbi narahatlıq dövründə, Fransa ilə birləşmiş Almaniya arasında müharibə gedən zaman, Rusiya imperatoru münaqişənin sülh yolu ilə həllinə nail olmağa imkan verən Bismarkın siyasətini dəstəkləməkdən qəti şəkildə imtina etdi. Almaniyanı birləşdirən dəmir kansler heç nəyi unutmadı və 1878-ci ildə Berlin Konqresi zamanı məhz Bismarkın intriqaları Rusiyanı 1877-1878-ci illərdə türklərlə zəfər müharibəsi zamanı əldə etdiyi üstünlüklərin əksəriyyətindən məhrum etdi. Və elə növbəti il, 1879-cu ildə Almaniya və Avstriya-Macarıstan Birinci Dünya Müharibəsinin proloqu olan ilk ittifaqlara daxil oldular.

Prezident Ruzveltin müşaviri Teodor Kaufman “Almaniya ölməlidir” adlı kitabında müharibədə təkcə Hitlerin deyil, bütün alman xalqının günahkar olduğunu müdafiə edirdi. Çünki Hitler, Kayzer və Bismark, onun fikrincə, “sadəcə almanların fəth və kütləvi qırğın üçün əsrlər boyu davam edən fitri ehtirasını əks etdirir”. Və 1941-ci ildə nəşr olunan kitabında o, müharibədən sonra alman xalqının məhv edilməli, Almaniyanın ərazisinin qonşu ölkələr arasında bölüşdürülməli olduğunu müdafiə edirdi. Harvard professoru Houghton da müharibədən sonrakı Almaniya üçün planlar hazırladı. 1943-cü ilin yanvarında o, Almaniyanı əcnəbilərlə kütləvi şəkildə məskunlaşdırmaqla almanların aqressiv irsiyyətini dəyişdirmək ideyasını irəli sürdü. Bütün alman əsgərlərinin Almaniyadan çıxarılmasını və onları 20 il müddətinə başqa ölkələrdəki həbs düşərgələrində saxlamağı təklif edirdi. Demək lazımdır ki, Houghton Kaufmandan daha humanist idi.

Ukrayna müharibəsi davam edərkən İngiltərənin ən qədim mühafizəkar jurnalı (1824-ci ildə yaradılıb) The Spectator böyük məmnuniyyətlə “Alman sənayesi praktiki olaraq dayandı” adlı böyük analitik məqalə dərc etdi. Jurnal açıq şəkildə yazırdı ki, Almaniya iqtisadiyyatı çökür, Avropada anqlosaksların əsas rəqibi öz mövqeyini və imkanlarını itirir və Berlin bizim üçün artıq təhlükəli deyil. Otuz ildə ilk dəfə olaraq Almaniya idxalı Almaniya ixracını üstələyib. Almaniya üçün idxalın ixracdan artıq olması ölümcül bir tendensiyadır. Bütün Almaniya iqtisadiyyatı Marşal Planı çərçivəsində ixrac üçün qurulmuş və uyğunlaşdırılmışdır. Almaniya Avropanın və dünyanın dəmirçisi kimi, bütün dünyada müasir və etibarlı maşın və mexanizmlərin ixracatçısı kimi yaradılmışdı. Almaniyada xidmət sektorunda müqayisə edilə bilən biznes və ya müqayisə edilə bilən bank sektoru yoxdur. Üstəlik, iqtisadiyyatın real sektorunun bütün alman nəhəngi onun idxalının əsası Rusiyadan gələn ucuz enerji resurslarına əsaslanırdı və alman sənayesinin məhsulları qiymət və keyfiyyət baxımından rəqabətədavamlı idi. Mercedes-Benz, BMW, Bayer, BASF, Siemens və bir çox başqaları kimi alman şirkətləri Almaniya üçün sabit və artıq büdcəni təmin etmiş və onun iqtisadiyyatını Aİ-nin lokomotivinə çevirmişdilər. Təkrar edirəm, nəhəng Almaniya sənayesinin əsasına çevrilən enerji sektoru Rusiyadan gələn ucuz neft və qaza əsaslanırdı. Yaxşı qurulmuş ticarət əlaqələri və iki ölkənin büdcələrinin qurulması məntiqi onları metodik olaraq bir-birinə yaxınlaşdırdı.

1945-ci ilin mayında anqlosakslar bölünmüş, dağıdılmış Almaniyanı və viran olmuş, imkansız Avropanı aldılar. Rusiya sağ qaldı. Qan içində, yorğun, xarabalıqda... Amma sağ qaldı... İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra anqlosakslar dünyaya hökmranlıq etməyə başladılar. Və “Şimal axını 2” qaz kəmərinin tikintisi ilə bağlı söhbətlər başlayana qədər anqlo-sakslar dünyanı sakit şəkildə idarə edirdilər və heç bir şeyə çox da fikir vermirdilər. 21-ci əsrin ikinci onilliyinin reallıqları onları ürpətdi. Rusiya hərbi cəhətdən toxunulmaz gücə çevrilir, Avropada Almaniyada vahid lider peyda olur, almanların ruslarla dostluğu günü-gündən möhkəmlənirdi. Bugün Rusiyanın işğal etdiyi Ukrayna savaşında Amerika Birləşmiş Ştatları baxımından, Qərbin Rusiyaya qarşı sanksiyaları ən azı iki əsas məqsəd güdür: birincisi, Rusiya və Almaniya arasında dərin və güclü iqtisadi əlaqələrin kəsilməsi. İkincisi, Avropa Birliyinin iqtisadi zəifləməsi və onun ABŞ-a iqtisadi, siyasi və hərbi tabe olması idi.

Pərviz Əliyev

visiontv.az



Seçilən
59
visiontv.az

1Mənbələr