AZ

"Chrome"un satılması "Google" monopoliyasına son qoyacaqmı?

ABŞ Ədliyyə Nazirliyi "Google"a "Chrome" brauzerini satmalı olduğunu bildirir. Lakin bu addım texnologiya nəhənginin axtarış və internet sahəsindəki monopoliya mövqeyini zəiflətmək üçün kifayət edəcəkmi?

Valyuta.az xəbər verir ki, Donald Tramp administrasiyası dövründə ABŞ Ədliyyə Nazirliyi (DOJ), Co Bayden hakimiyyətinin "Google" axtarış biznesini bölmək təklifini dəstəkləməyə qərar verib və nəticədə "Chrome"un satılması tələbini irəli sürüb.

Bu addım, "Google"ın onlayn axtarış bazarındakı "qanunsuz monopoliyasına" böyük bir zərbə vuracaq. Daha əvvəl "texnologiya mafiyası" adlandırılan nəhəng texnologiya şirkətləri, keçmişdə də məhkəmələrdə dəfələrlə monopoliya qanunlarını pozduqları üçün cərimələniblər.

Bəzi mütəxəssislər bu vəziyyəti aşağıdakı bənzətmə ilə izah edirlər: "Təsəvvür edin ki, qonşunuz dəfələrlə oğurluq edib, quldurluq edib, hətta cinayət işlədib. Məhkəmə onu hər dəfə cəzalandırır, amma o, yenə də sizin binada yaşayır və hər gün onunla qarşılaşırsınız. İndi isə bu vəziyyəti texnologiya şirkətləri və istifadəçilər arasında düşünün".

Məhkəmə qərarı: "Google" yenə günahkar

Avqust ayında federal hakim Amit Mehta "Google"un axtarış bazarında inhisarçı siyasət apardığını və bu narahatlıqları aradan qaldırmaq üçün "Chrome" brauzerini satmalı olduğunu qərara almışdı. Beləliklə, "Google"un qanunsuz monopoliyaya malik olduğu yenidən məhkəmə qərarı ilə təsdiqlənmiş olub.

Ədliyyə Nazirliyinin son sənədlərinə əsasən, "Chrome" brauzerinin satışı "Google"ın qanunsuz monopoliyasını məhdudlaşdırmaq üçün vacib addım kimi qiymətləndirilir. Bu, digər texnologiya şirkətlərinə axtarış bazarında daha ədalətli şəraitdə iştirak etmək imkanı verəcək.

Nəticə olaraq, aprel ayında yekun qərar veriləcək və "Google" dünya üzrə 66%-dən çox bazar payına sahib olan "Chrome" brauzerini itirmək təhlükəsi ilə üz-üzədir.

"Chrome"u satmaq həqiqətən effektiv olacaqmı?

Lakin bəzi mütəxəssislər bildirirlər ki, "Google", "Chrome"un yeni sahibinə böyük məbləğlər ödəyərək, brauzerin topladığı istifadəçi məlumatlarını almağa davam edə bilər.

Bundan əlavə, "Google" yeni sahibinə "Chrome"un öz maraqları istiqamətində inkişaf etdirilməsi üçün texniki dəstək göstərməyi təklif edə bilər. Bu halda, "Google" müəyyən xərclərə qatlanaraq, "Chrome"u dolayı yolla özünə bağlı saxlaya bilər.

Bu, onu göstərir ki, "Google" monopoliyasını zəiflətmək artıq insanlığın ən çətin problemlərindən birinə çevrilib.

"Texnologiya mafiyası" yenidən yeni yollar tapacaq?

Qısaca desək, inhisar mexanizmi quran texnologiya nəhəngləri istehlakçıları qanunsuz şəkildə manipulyasiya etməklə haksız qazanc əldə etməyə davam etmək üçün yeni üsullar inkişaf etdirə bilərlər.

"Chrome"un satılması ilk baxışdan mühüm addım kimi görünsə də, "Google"ın internet axtarış bazarındakı dominantlığını həqiqətən məhdudlaşdırıb-məhdudlaşdırmayacağı hələ də sual altındadır.

Paşa Məmmədli

Seçilən
21
valyuta.az

1Mənbələr