AZ

"Bitcoin" yenidən 100 min dollar olacaq? - Ekspert

"Aprel ayında "Bitcoin"in 80 min dollardan 100 min dollara qədər dəyişəcəyi gözlənilir".

Valyuta.az xəbər verir ki, bu proqnozu Koshelek.ru onlayn platformasının baş direktoru Borislav Qriqoryev gazeta.ru-ya açıqlamasında verib.

"Aprel üçün əsas ssenari daha çox "ayı bazarı"na uyğun görünür. "Bitcoin"in 85-95 min dollar aralığında qalması ehtimalı yüksəkdir, çünki yeni bahalaşma dalğasını sürətləndirəcək əsas faktorlar hələlik yoxdur. Əgər ticarət müharibəsi ilə bağlı narahatlıqlar artsa, qiymət 80 min dollara qədər enə bilər. Lakin pozitiv ssenari baş verərsə, "Bitcoin" yenidən 100 min dollar həddini test edə bilər. Bu, xüsusilə kriptovalyuta ehtiyat fondunun yaradılması qərarının bazar iştirakçıları tərəfindən müsbət qarşılanacağı halda mümkündür. Ümumilikdə, bazar gözləmə mərhələsindədir və hər hansı gözlənilməz hadisə qüvvələr nisbətini kəskin dəyişə bilər", deyə Qriqoryev bildirib.

Ekspertin sözlərinə görə, ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini azaltmağa tələsmir. Onun mövqeyindən belə görünür ki, faiz dərəcəsi yay aylarına qədər dəyişməyəcək. Bu isə iqtisadiyyatda pul axınını məhdudlaşdırır və riskli aktivlər, o cümlədən kriptovalyuta bazarı üçün çətinliklər yaradır.

Bundan əlavə, ABŞ, Kanada, Meksika və Avropa arasındakı ticarət müharibəsinin güclənməsi də "Bitcoin" üçün mənfi faktordur. Vaşinqtonun gömrük tariflərini artırmaq qərarı qlobal iqtisadi tənəzzüllə bağlı narahatlıqları artırıb. Qriqoryevin fikrincə, İranın Yaxın Şərqdəki münaqişəyə cəlb olunma ehtimalı da bazarlarda dalğalanmanı gücləndirir.

O, həmçinin əlavə edib ki, ABŞ prezidenti Donald Tramp kriptovalyuta bazarında gözlənilməz dəyişikliklərə səbəb ola bilən fiqurdur: 

"O, özünün memkoinini buraxır - bazar sürətlə yüksəlir, gömrük tariflərini elan edir - bazar kəskin enir, federal səviyyədə kriptovalyuta ehtiyat fondunun yaradılmasına icazə verir - bazar yenidən canlanır".

Qeyd edək ki, 10 mart tarixinə bitkoinin məzənnəsi təxminən 81,3 min dollar olub.

Paşa Məmmədli

Seçilən
21
valyuta.az

1Mənbələr