AZ

Müxalifət deputatları Yunun vəzifədən çıxarılmasını tələb edərək aclıq aksiyasına başlayıblar

Bakı, 11 mart, AZƏRTAC

Çərşənbə axşamı müxalifət partiyalarının bəzi deputatları Yun Sok Yolun vəzifəsindən rəsmən uzaqlaşdırılmasına dair Konstitusiya Məhkəməsinin hökm çıxarmasını tələb edərək aclıq aksiyasına başlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Respublikasının Yonhap agentliyi məlumat yayıb. Bildirilib ki, qiyamın təşkilatçısı Yunun dərhal həbs olunmasını tələb edib.

Qeyd edək ki, Prezident Yun Sok Yol dekabrın 3-də elan etdiyi hərbi vəziyyətlə əlaqədar başlanmış istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb. Prezident Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin apardığı istintaq müddətində suallara cavab verməkdən imtina edib. Sonradan istintaq prokurorluğa ötürülüb. Prokurorluq kifayət qədər dəlil olduğu üçün Prezidenti ölkədə qiyamın təşkilində təqsirli bilərək, rəsmi ittiham elan edib. Martın 7-də Seul məhkəməsi Cənubi Koreya Prezidenti Yun Sok Yolun həbsdən azad olunması ilə bağlı müraciətinə baxaraq təsdiqləyib.

Dekabrın 14-də müxalifətin üstünlük təşkil etdiyi parlament Yun Sok Yol haqqında impiçment qərarı qəbul edib. O, hazırda səlahiyyətlərini icra etməsə də, Konstitusiya Məhkəməsi hələ impiçmentə dair yekun qərar verməyib. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin impiçment qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir. Məhkəmə impiçmenti təsdiqləsə, 60 gün ərzində növbədənkənar prezident seçkisi keçirilməlidir.

Seçilən
14
azertag.az

1Mənbələr