AZ

Biznesimizə məkan seçərkən nəyə diqqət edək?

Biznes qurarkən kapital, hədəf bazarı, məhsul, xidmət keyfiyyəti və.s kimi önəmli faktorlar nəzərə alınır. Ancaq çox vaxt unudulan, çoxunun əhəmiyyət vermədiyi nüanslardan biri də məkan seçimidir. Deyilir ki, biznes qurarkən məkan seçiminə diqqqət etmək lazımdır. Bəs məkan seçimində nələr nəzərə alınmalıdır? Məkan seçiminin biznes sahəsindəki rolu nədir?

"SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov Valyuta.az-a bildirdi ki, məkan biznesin inkişafında önəmli rola malikdir: “Məkan həm müştərilərə, həm xammala, həm də tədarüklərə yaxınlıq baxımından doğru əhəmiyyət kəsb edir. Məkan seçimi edərkən, hədəf kütləsinə yaxın olmaq biznesin gələcəyinə müsbət təsir göstərə bilər. Amma bugünkü dövrdə məkanın rolu əvvəlki illərlə müqayisədə geniş mənada azalıb. Bunun əsas səbəblərindən biri də onlayn ticarətin rolu artması, uzaq məsafədən bir çox məsələni həll etməyin mümkün olmasıdır”. 

Məkan seçimində diqqət edilməli başqa nüanslar var

A.Bayramov deyir ki, məkan seçimi biznes sahəsinə görə dəyişir: “Məsələn, istehsal sahəsində pərakəndə ilə müqayisədə məkan seçiminin o qədər də önəmli rolu yoxdur. Pərakəndə biznesində ən önəmli rollardan biri pərakəndə mağazasının yerləşdiyi yerdir. Müştərilərin hərəkət istiqaməti, yaxınlıq və.s baxımından məkan seçimi vacibdir. İstehsal müəssisəsində isə daha çox insan resurslarına, xammal, materiallara və infrastruktura yaxınlıq kimi amillər nəzərdən keçirilir”. 

Biznes məkanlarında "hub" məntiqi nədir?

Biznes konsultant qeyd etdi ki, bəzi məkanlar fərqli məntiqlə işləyir: “Fikir vermisinizsə, bir arada eyni məhsul satan mağazaları görmək olur. Yəni, bəzi məhsul və sahələr “hub” məntiqi ilə işləyir. Məsələn, insanlar telefon aksesuarı üçün hər zaman eyni yerlərə, adətən tanınmış iki-üç mağazaya gedirlər. Əgər başqa biri də telefon aksesuarları satmaq üçün mağaza açırsa, o da həmin yerə gedib, mağazasını həmin yerdə qurur. Başqa bir misal deyək. Hər hansı bir küçədə şərab evlərinin “hub”u ola bilər. Həmin yerdə şərab satışı üzrə bazar yaranır. Müştərilər məhsul çeşidi çox olan bu yerə axın edirlər. Amma bu hal bütün sahələr üçün keçərli deyil”.

Sərvanə Rəmixanova

Seçilən
26
valyuta.az

1Mənbələr