AZ

Rus qoşunları Kursk və Sumı vilayətlərində irəliləyir – Ukraynanı nə gözləyir? – ÖZƏL

Rusiya Silahlı Qüvvələri Ukraynanın şimalında daha iki yaşayış məntəqəsini - Kursk vilayətində Lebedevka və Sumı vilayətində Novenkoye kəndlərini nəzarətə götürdüyünü elan edib. Regionda hərbi əməliyyatların intensivləşməsi fonunda Moskvanın növbəti addımları və Kiyevin cavab tədbirləri sual doğurur.

Rusiyanın bu əks-hücum əməliyyatı nə qədər irəliləyə bilər? Ukrayna ordusu itirilmiş mövqeləri geri qaytarmağa nail olacaqmı? 

Bu proseslərin Ukraynanın gələcək strateji planlarına necə təsir edəcəyi və bölgədəki gərginliyin hansı nəticələrə gətirib çıxaracağı hələ ki, sual altındadır.

Məsələni Olaylar.az-a şərh edən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, ABŞ Ukraynaya atəşkəs üçün təzyiq edir, Zelenski isə Vaşinqtonla münasibətləri normallaşdırmaqdan başqa yolun qalmadığını anlayır:

"ABŞ-nin Ukrayna üzərində ciddi təzyiqləri var və əsas məqsəd atəşkəsin həll olunmasıdır. Məhz bunun nəticəsi olaraq ABŞ ilə Ukrayna nümayəndə heyəti arasında Səudiyyə Ərəbistanında görüş keçiriləcək və bu onu deməyə əsas verir ki, atəşkəs istiqamətində irəliləyiş var. Çünki Zelenski qalmaqallı Ağ Ev görüşündən sonra ABŞ-nin faydalı qazıntılarla bağlı təklif etdiyi sazişdən imtina etdi və təbii ki, bundan sonra London sammiti keçirildi və ümumiyyətlə bütün bu proseslərdən, xüsusilə Avropa İttifaqı liderlərinin qatıldığı son London sammitindən sonra bəlli oldu ki,  Ukraynanın xilas edilməsi ilə bağlı Avropa İttifaqının konkret plan və potensialı yoxdur. Ona görə də Zelenski Vaşinqtonla münasibətləri normallaşdırmaqdan başqa çarənin olmadığını gördü. Təbii ki, Ukrayna tərəfinə təklif edilən sazişdə müəyyən korrektələr edilə bilər. Bu da Ukrayna ictimaiyyətinə Zelenskinin mövqeyinin ABŞ tərəfindən nəzərə alınması kimi təqdim oluna bilər və cəmiyyət tərəfindən uğur kimi qiymətləndirilə bilər".

Siyasi şərhçi əlavə edib ki, Rusiya Kursk üzərində nəzarəti ələ alaraq Ukraynanın danışıqlar masasında mövqeyini zəiflətmək, ABŞ isə atəşkəsə nail olmaq istəyir, Zelenskinin gələcəyi isə sual altındadır.

"Kurskda baş verən hadisələr təsadüfi deyil, çünki danışıqlar masasına oturulacağı halda, Ukraynanın əlində yeganə kart Kurskdur və Ukrayna, Kursku Rusiyanın əlində olan müəyyən ərazilərlə mübadilə etmək təklifini verə bilər. Rusiya Kursku öz nəzarəti altına keçirməyə çalışır ki, bu kartı Ukraynanın əlindən alsın və danışıqlar masasına tam üstün mövqedə getsin. Təbii ki, burada ABŞ-nin Ukraynaya dəstəyinin azalması da öz rolunu oynayır və Rusiyanın irəliləməsinin arxasında məhz bu da var. Bu da, əlbəttə, Trampın da maraqlarına uyğundur. Həm Zelenskinin cəzalandırılması, eyni zamanda Trampın Ağ Evdə söylədiyi "Amerika olmasaydı, qısa zaman ərzində Rusiya Ukraynanı tamamilə işğal edərdi" ifadəsi ilə bağlı idi və bu onu göstərir ki, Rusiya Kursku da nəzarəti altında alacaq, beləliklə irəliləməyə nail olacaq. Bu proseslər fonunda görüşlər baş tutub, atəşkəs imzalana bilər və Tramp da cəmiyyətə onu təqdim edə bilər ki, Rusiya Ukraynanı tamamilə işğal edə bilərdi, sadəcə olaraq Tramp buna mane oldu. Beləliklə də Rusiyanın maraqlarını təmin etmək və ABŞ ilə Rusiya arasında konsensus əldə etməklə, eyni zamanda Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişi imzalamağa nail olmaqla, həm də Vaşinqtonun maraqlarının böyük ölçüdə təmin olunmasını həyata keçirə bilər. Bundan sonra isə Ukraynada atəşkəs əldə olunandan sonra danışıqlar mərhələsi başlana bilər. Təbii ki, burada Vaşinqtonun həm də uzaq perspektivi hesablanan hədəfləri var. Yəni atəşkəs həll olunsa da, münaqişə hər zaman qalır. Burada Vaşinqton həm Ukrayna, həm də Rusiya üzərində təzyiqlərini saxlamağa nail olur və bundan sonrakı dönəmlərdə isə Zelenskinin hakimiyyətdə qalması problemə çevriləcək. Böyük ehtimalla həm Tramp, həm də Putin Zelenskinin devrilməsinə çalışa bilər. Növbəti hakimiyyətdə isə hər iki dövlətin Ukrayna hakimiyyətinin formalaşmasında və siyasi liderin önünə çıxmasında konsensus mütləq hesab edirəm ki, ehtimal olunan şərtlərdən biridir. Mütləq hər iki dövlət arasında konsensus olacaq və bu da təəssüflər olsun ki, Ukrayna üçün ağır nəticələr altında atəşkəsə gedilməsinin göstəricisidir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr