AZ

Vətəndaşa “dejavü” yaşadan kommunal xidmətlər: Onlar üçün də təkrar biliyin anasıdır

Ölkəmizdə kommunal xidmətlərdən məsul olan qurumların fəaliyyəti birmənalı qarşılanmır.

Bunun səbəbi isə olduqca sadədir. Çünki işıq, qaz, istilik və su təminatı ilə məşğul olan müvafiq qurumlar işlərinin öhdəsindən layiqincə gələ bilmirlər. Əksi olsaydı, mütəmadi olaraq sosial şəbəkələrdə onlar barəsində bu qədər təndiqi paylaşım görməzdik. Yəni sözügedən qurumların fəaliyyəti qənaətbəxş deyil. Davamlı şəkildə qiymətlər artsa da, vətəndaşa verilən xidmətin keyfiyyəti artmır. Bu isə haqlı olaraq insanların narazılığına səbəb olur. 

Xüsusilə payız-qış mövsümündə kommunal xidmətlərin istənilən səviyyədə olmadığı üzə çıxır. Ona görə ki, soyuq, yağışlı, küləkli və qarlı havalarda ölkənin müxtəlif ərazilərində istər su, istər qaz, istərsə də su ilə bağlı ciddi problemlər yaşanır. Üstəlik, adıçəkilən xidmətlərin verilməsində saatlarla və bəzən günlərlə fasilələr yaşanır. Lakin bununla bağlı hansısa kompensasiyadan söhbət belə getmir. 

Hərçənd ki, müvafiq qurumlar payız-qış mövsümünə əvvəlcədən yaxşı hazırlaşmalı və bu istiqamətdə önləyici tədbirlər görməlidirlər. Ancaq nə hikmətdirsə, hər mövsümün əvvəllində dəyişkən hava şəraitinə hazır olduqları, müvafiq  addımların atılacağı açıqlansa da, bu, elə sözdə də qalır. Daha dəqiq desək, hava şəraiti bir az pisləşən kimi bir çox yerdə kommunal xidmətlərlə bağlı problemlər yaranır, işıq, su və qazla bağlı qəzalar meydana gəlir. 

Bunun soyuq havalarda yaşanması isə bir başqa dərddir. Çünki vətəndaş pulunu ödədiyi xidmətdən ən çox lazım olan anda yararlana bilmədiyi üçün xəstələnmək riski ilə üzləşir. Evdə bir nəfərin xəstələnəndə digərlərini yoluxdurduğunu da nəzərə aldıqda, hər ailə büdcəsindən nə qədər vəsaitin dərmanlara getdiyini hesablamaq çətin deyil. Halbuki, müvafiq qurumlar işlərini doğru etsələr, vətəndaşları maddi və mənəvi ziyana da salmazlar. 

Burada bir maraqlı nüansı da vurğulamaq yerinə düşər. Məsələn, qaz borularını ancaq qış aylarında təmir edilir. Belə addımların qazın minimum səviyyədə istifadə olunduğu yay aylarında atılması daha məntiqlidir. Amma bizim qurumlar məntiqli davranmağı çox sevmirlər. Yaxud, su kəsilir, daha sonra bildirilir ki, qəza baş verən ərazidə aparılan işlər qəzanın həcminin böyük olduğunu üzə çıxarıb və su günlərlə verilməyəcək. 

İşıq, qaz və su kimi kommunal xidmətlərdə lmit sistemi tətbiq olunur, bu, azmış kimi, hələ uzunmüddətli fasilələr də yaranır. İllərdir ki, hər payız-qış mövsümündə bənzər problemlərin şahidi oluruq.  Artıq iş o yerə çatıb ki, payız-qış gələndə, yağış, qar yağanda, vətəndaşlar “dejavü” yaşayacaqlarından qorxurlar. Yəni illərdir kommunal xidmətlərdə davam edən problemlər səngimir, əksinə, hər il təkrarlanır... 

Deyəsən, kommunal xidmət qurumları üçün də təkrar biliyin anasıdır.

Seçilən
31
cebheinfo.az

1Mənbələr