Avropa İttifaqının Ermənistandakı, vaxtı razılaşdırılmadan uzadılmış missiyası yenə binokl diplomatiyası həyata keçirməklə bölgədə davamlı sülhün yaradılması prosesinə maneçilik törətməkdə davam edir.
Bunu "Report"a açıqlamasında Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ülviyyə Zülfiqar deyib.
O qeyd edib ki, missiya binoklla qıcıqlandırıcı formada Azərbayan ərazilərini müşahidə etməklə iki ölkə arasında normallaşma prosesinə zərər vurur:
"Sözügedən missiya “binokl diplomatiyası”-nın yaratdığı təsirləri bildiyi halda bu hərəkətlərə qəsdən davam etməklə niyyətinin heç də bölgədə sülhün yaranması olmadığını açıq şəkildə nümayiş etdirmiş olur. Üstəlik Aİ-nin missiyası, üzərində dayandığı torpaqların vaxtilə Qərbi Azərbaycanlıların kompakt şəkildə yaşadığı və sonuncu 1987-1991-ci illər deportasiyasında kütləvi şəkildə qovulduğu ərazilər olduğunu bildiyi halda bir dəfə də olsun bu barədə fikir səsləndirmir, mövqe bildirmir".
Ü.Zülfiqar bir daha Aİ-nin missiyasını bu kimi, sülhə əngəl törədən hərəkətlərdən yayınmağa, Qərbi Azərbaycanlıların geri qayıdışı ilə bağlı prosesə biganə qalmamağa çağırıb.