AZ

Səkkiz milyon dollar ayrılsa da, təmir edilməyən stadionla bağlı RƏSMİ AÇIQLAMA

Qusar şəhərinin mərkəzində yerləşən stadionun 8 ildir, təmirlə bağlı fəaliyyətini dayandırması məsələsi yenidən gündəmə gəlib.

 

Pravda.az xəbər verir ki, fəaliyyətini dayandıran "Şahdağ" komandasının təsisçisi İlham Murtuzayevin "Futbol+" qəzetinə açıqlaması sosial şəbəkələrdə müzakirə yaradıb.

 

Onun sözlərinə görə, sözgüdən stadionun təmiri üçün FİFA 8 milyon dollar ayırıbmış Stadion tam sökülüb, tikintisi isə yarımçıq qalıb.

 

8 milyonun qaranlıq taleyi barədə heç bir məlumatın olmaması ciddi etiraz doğurub.

 

Xatırladaq ki, hələ 2022-ci ildə Şabranda bölgənin idarə rəhbərləri ilə keçirilən görüşdə Qusar stadionunun işlək vəziyyətdə olmaması, bərpa işlərinin sürətləndirilməsi barədə qusarlıların xahişi gənclər və idman naziri Fərid Qayıbovun diqqətinə çatdırılıb. Nazir bu məsələ ilə məşğul olacağına söz verib.

 

Nazirin verdiyi sözdən 2 il keçməsinə baxmayaraq, stadionun təmirində heç bir irəliləyiş olmaması sual doğurur.

 

Məsələ ilə bağlı Pravda.az-ın suallarını cavablandıran Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev deyib ki, Qusar futbol stadionu Nazirliyin balansında deyil:

 

“Orada aparılmış tikinti işləri Nazirliyin sifarişi ilə icra edilmədiyindən işlərin yarımçıq saxlanılmasına müdaxilə edilməsi Nazirliyin səlahiyyətləri xaricindədir”.

 

Bir az araşdırdıqdan sonra məlum oldu ki, stadionun tikintisi "Azenco" şirkətinə həvalə olunub. Məlumat üçün bildirək ki, sözügedən şirkətin sahibi "Şahdağ"ın və "Azərenerji"nin keçmiş prezidenti Etibar Pirverdiyevdir.

 

Məsələ ilə bağlı Pravda.az tərəfindən “Azenco”ya sorğu ünvanlanıb.

 

Xatırlatma: 1966-cı ildə "Neftçi"yə rəhbərlik edən məşhur futbol ustası Şövkət Orduxanovun adını daşıyan Qusar stadionu 1962-ci ildə istifadəyə verilib. Uzun illər "Məhsul" kənd İdman Cəmiyyətinin balansında olub. 1999-cu ildə "Şahdağ" futbol klubu tərəfindən 99 il müddətinə icarəyə götürülüb. Stadion 2017-ci ildən təmirə bağlanıb.

 

Aytəkin Qardaşova

Tarix: 11 Mart 2025, 16:07   
Seçilən
23
1
pravda.az

2Mənbələr