115 illik tarixə malik "Old Trafford" stadionu söküləcək.

Offsideplus.az xəbər verir ki, bu barədə klub özü açıqlama yayıb. Tarixi stadion sökülərək yerinə 100 min tamaşaçı tutumuna malik yeni, müasir bir arena inşa ediləcəyi bildirilib.

Yeni stadion Böyük Britaniyanın ən böyük futbol arenası olacaq. Futuristik dizayna malik olacaq və üzəri xüsusi örtüklə əhatə olunacaq. Bu örtük yağış suyunu və günəş enerjisini toplayaraq ekoloji baxımdan davamlı olacaq. Klubun sahibi Cim Ratkliff bu layihənin klubun gələcəyi üçün vacib olduğunu və "Old Trafford"un mahiyyətini qoruyaraq azarkeşlər üçün daha müasir bir təcrübə yaradacağını bildirib.

Layihənin ümumi dəyəri təxminən 2 milyard funt sterlinqdir və beş il ərzində tamamlanması planlaşdırılır. Bundan əlavə, bu yenidənqurma çərçivəsində bölgədə 17,000 yeni evin tikilməsi və 92,000 yeni iş yerinin yaradılması da nəzərdə tutulub.

Qeyd edək ki, "Mançester Yunayted" növbəti ev oyununu martın 13-də Avropa Liqasında "Real Sosyedad"a qarşı keçirəcək.