“Eghtesad News” saytı yazır ki, Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana son səfərinə toxunan bir qrup ekspert iki ölkənin enerji, investisiya və müdafiə sahələrində əməkdaşlığında yeni fəsildən söz açıb.
Bildirilib ki, bu konsensusun nəticələri İslamabadın mövqeyinin möhkəmlənməsinə yol açmaqla yanaşı, onun faydaları Asiyanın mərkəzindən Avropaya qədər əhəmiyyətli ola bilər.
Məlumata görə, iki ölkə arasındakı sazişlər Pakistan və Azərbaycanın ənənəvi diplomatik əlaqələr vasitəsilə mümkün olduğundan daha dərin iqtisadi əməkdaşlığa doğru inkişafında dönüş nöqtəsi sayılır. Sayt yazır ki, Azərbaycanla əldə olunan razılaşmalar Pakistanın uzunmüddətli enerji çatışmazlığını aradan qaldırmaq üçün fürsətə çevirilib.
Qeyd olunub ki, İslamabad və Bakı arasında iqtisadi əməkdaşlıq da Pakistanda biznes şəraitinin yaxşılaşmasını əks etdirir. Hazırda iki ölkə arasında ticarət həcmi 55 milyon dollara çatsa da, imzalanan yeni sazişlər və inkişaf layihələri ilə iki ölkə arasında ticarət həcminin növbəti illərdə 2 milyard dolları keçəcəyi proqnozlaşdırılır. Qeyd olunub ki, hər iki ölkə böyük geostrateji əhəmiyyətə sadibdir. Pakistan Cənubi Asiya və Yaxın Şərqə giriş qapısı, Azərbaycan isə Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır.
visiontv.az