"Vakant yerlər az, müəllim olmaq istəyənlər isə çoxdur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, müəllim olmaq istəyən şəxslərin 3-4 qatı da müəllimlik ixtisasını bitirib, amma müəllim olmaq üçün müraciət etməyənlərdir: "Bu gün bizdə universitetə tələbə qəbul edərkən əksər ixtisaslarda əmək bazarının tələblərinə uyğunluq müəyyən edilmir. Məsələn, əgər orta məktəblərə illik 10 min müəllim lazımdırsa, bunu nəzərə alıb bu saydan bir az çox müəllim ixtisaslı kadrlar məzun olmalıdır. Amma bizdə elə deyil. Bizdə başqa prinsiplər nəzərə alınır. Əmək bazarından başqa bütün prinsiplər nəzərə alınır. Düzdür, imtahan yaxşını pisdən seçmək üçün yaxşıdır. Hazırkı müəllimlərin işə qəbulu imtahanı da müəllim olmaq istəyən şəxslərin tam biliklərini ölçməsə də, müəyyən qədər bir müəllimi digərindən fərqləndirən meyardır. Biz bunu qəbul edirik, problem yaratmırıq. Sadəcə problem odur ki, bu gün MİQ-dən qəbul olub müəllim işləyənlərin sayı müəllim olmaq istəyənlərin sayından neçə dəfələrlə azdır.
Test sistemi yaxşını pisdən ayırır. Amma o da məlumdur ki, hazırda yüksək bal toplayıb da müəllim ola bilməyən şəxslərin də sayı çoxdur. Bu da vakansiya ilə əlaqədardır. Yaxud da, müəllim yaşadığı ərazini yazmaq istəyir. Çox az bal fərqi ilə digər şəxs gəlir, həmin ərazini tutmuş olur. Belə müəllimlər də var. Əgər müəllim MİQ imtahanında iştirak edib işlə təmin olunmursa, o demək deyil ki, o müəllimin savadı zəifdir. Sadəcə müəyyən istəklər, hədəflər var. Şəxs istədiyi məktəbə düşə bilmirsə, artıq digər ərazi faktoru onun üçün əhəmiyyət daşımır. Ümumilikdə müəllimlik ixtisasında iş tapmamağın səbəbləri vakansiyaların az olmasıdır. Biz demirik ki, vakansiyalar gizlədilir. Sadəcə bizdə hələ məktəblərin rasionallaşdırılması, məktəblərin birləşdirilməsi, ləğv edilməsi kimi proseslər gedir. Bu da istər-istəməz müəllimlərin sayının azalmasına gətirib çıxaracaq".