Əsnəmək hər kəsin gündəlik həyatında tez-tez qarşılaşdığı təbii bir refleksdir.
Pravda.az bildirir ki, adətən yuxulu olduqda və ya darıxdıqda baş versə də, əsnəmənin səbəbləri düşündüyümüzdən daha mürəkkəb ola bilər. Alimlər əsnəmənin bədənə daha çox oksigen təmin etməsi və ya beynin temperaturunu tənzimləməsi kimi funksiyalara malik olduğunu iddia edirlər.
Əsnəməyin əsas səbəbləri
Əsnəməyin dəqiq səbəbləri hələ də tam olaraq anlaşılmasa da, aşağıdakı faktorların bu təbii refleksi yarada biləcəyi düşünülür:
Oksigen səviyyəsinin düşməsi: Əsnəmək bədənin daha çox oksigen almasına kömək edərək qanınızda karbon dioksid səviyyəsini azaldır. Bu səbəbdən oksigensiz mühitlərdə əsnəmə tez-tez baş verir.
Beynin istiliyini tənzimləmək: Bəzi araşdırmalar əsnəmənin beynin temperaturunu aşağı salaraq zehni funksiyaları optimallaşdırmağa kömək etdiyini göstərir. Xüsusilə, çox stressli və ya zehni yorğunluq vəziyyətlərində əsnəmə çox görülə bilər.
Yuxu nizamı: Yuxu çatışmazlığı bədəni yorğunlaşdırdığı üçün əsnəmə refleksini aktivləşdirir. Bu vəziyyət xüsusilə yuxusuz qalan şəxslərdə daha çox müşahidə edilir.
Psixoloji vəziyyətlər: Stress, narahatlıq və sıxıntı kimi emosional hallar da əsnəməyə səbəb ola bilər. Xüsusilə, stressli mühitlərdə və ya sıxıcı toplantılarda əsnəmə daha çox baş verir.
Bioloji saat: Bədənin bioloji ritmi müəyyən saatlarda əsnəməni artırır. Xüsusilə, səhər oyandıqda və gecə yuxuya getməzdən əvvəl əsnəmək çox yaygındır.
Davamlı əsnəmək nəyin göstəricisidir?
Ara-sıra əsnəmək tamamilə normaldır, amma gündəlik həyatınızda davamlı əsnəmək bəzən bəzi sağlamlıq problemlərinin göstəricisi ola bilər. Davamlı əsnəməyin potensial səbəbləri aşağıdakılardır:
Xroniki yorğunluq: Enerji səviyyəsinin aşağı olması davamlı əsnəməyə səbəb ola bilər. Bu vəziyyət xüsusilə xroniki yorğunluq sindromu yaşayan şəxslərdə müşahidə edilir.
Beyin və sinir sistemi problemləri: Nevroloji xəstəliklər, məsələn, MS (multiple skleroz), parkinson və epilepsiya kimi xəstəliklər, beyindəki sinir yollarını təsir edərək əsnəmə refleksini artıra bilər.
Oksigen çatışmazlığı: Ağciyər və ürək xəstəlikləri bədənin lazımi miqdarda oksigen almasına mane olaraq, davamlı əsnəməyə səbəb ola bilər.
Dərmanların yan təsirləri: Antidepresanlar, sakinləşdirici dərmanlar və bəzi digər dərmanlar mərkəzi sinir sistemini təsir edərək çoxlu əsnəməyə səbəb ola bilər.
Təzyiq düşüklüyü: Qan təzyiqinin aşağı olması beyinə kifayət qədər oksigen getməsini əngəlləyərək davamlı əsnəməyə yol aça bilər.
Əsnəmək nə üçün yayıcıdır?
Əsnəməyin yayıcı olması alimlər tərəfindən uzun müddət tədqiq edilib və maraqlı nəticə əldə olunub. Birinin əsnədiyini görmək, bizdə də qeyri-ixtiyari olaraq əsnəmə yaratmağa səbəb ola bilər. Bunun səbəbi empati və sosial bağlarla əlaqəlidir. Araşdırmalara görə, əsnəməyin yayıcı olmasının səbəbi, insanların başqalarının duyğularını təqlid etmə meylində olmalarıdır. Yaxın dostlar və ailə üzvləri arasında bu daha çox rast gəlinir.
Əgər çox əsnəmə şikayətiniz varsa və bununla paralele baş gicəllənməsi, halsızlıq kimi əlamətlər də mövcuddursa, mütləq həkimə müraciət etməyiniz tövsiyə olunur.
Əsnəmək bədənin özünü tənzimləmə mexanizması olaraq qəbul edilir. Çox vaxt yorğunluq, sıxıntı və oksigen çatışmazlığı səbəbindən meydana gəlir. Lakin davamlı əsnəmə bəzən ciddi bir sağlamlıq probleminə işarə edir. Bu səbəbdən, əsnəmə refleksinin tez-tez təkrarlanması halında, həyat tərzinizə və sağlamlığınıza diqqət yetirməniz faydalı olar.
Əsmər Bayramova