AZ

CAR portalı Azərbaycanın Afrika qitəsi ölkələri ilə hurmanitar əlaqələri barədə yazıb

Bakı, 11 mart, AZƏRTAC

ABŞ Afrikada ehtiyac duyanlara yardım təklif edən yeganə ölkə deyil. Azərbaycan da bir sıra humanitar və təhsil layihələri ilə məşğul olur. Məsələn, Heydər Əliyev Fondu bütün Afrikada səhiyyə, sosial rifah və təhsil sahələrində mühüm layihələr həyata keçirib. Onlar arasında Afrika İrs Məktəbinin inkişafına maliyyə töhfələrini və səhiyyə sisteminin inkişafı üçün Cibuti Respublikasına tibbi avadanlıqların verilməsini qeyd etmək olar.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər CAR-ın tanınmış jurnalisti, ölkədə ictimai fikri formalaşdıran elmi dairələrin nümayəndəsi, “Africa Asia Dialogues” (“Afrasid”) beyin mərkəzinin direktoru Tembisa Fakudenin “Afrasid”in portalında yayımlanmış “Azərbaycanın Afrikada çoxtərəfli, təhsil və humanitar diplomatiya sahəsindəki fəaliyyəti” adlı məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, Azərbaycan sərvətlərinin böyük hissəsini öz xalqının və ölkə iqtisadiyyatının inkişafına yönəldərək, işsizlik səviyyəsinin azaldılmasına, sosial xərclərin artırılmasına nail olub, bu da ölkə iqtisadiyyatında artımla nəticələnib. Son iki onillikdə Azərbaycanın sürətli iqtisadi inkişafı yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azalması ilə müşayiət olunub. Sosial rifahın yaxşılaşdırılması və bərabərsizliyin azaldılması Azərbaycan üçün mühüm məqsəd olaraq qalır. Bu ölkə, eyni zamanda, son dövrlərdə humanitar layihələrdə və çoxtərəfliliyin təşviqində qlobal iştirakını artırıb. Ötən ilin sonunda Bakıda 200 ölkəni bir araya gətirən, iqlim dəyişikliyi məsələlərində yeni öhdəliklər qəbul edilən uğurlu COP29 konfransı keçirilib. COP29-da inkişaf etməkdə olan ölkələrə üçqat maliyyələşdirməni nəzərdə tutan razılaşmanın əldə edilməsi bu istiqamətdə mühüm irəliləyiş oldu.

Diqqətə çatdırılıb ki, Azərbaycan digər çoxtərəfli platformalar çərçivəsində də iştirakını genişləndirib. Ölkə 2019-cu ildən Qoşulmama Hərəkatına dörd il müddətində sədrlik edib. Sədrliyi dövründə Azərbaycan gənclərin hərəkata cəlb olunmasını təşviq etməklə yanaşı, bir sıra qlobal təşəbbüslər də irəli sürüb.

Azərbaycanın digər mühüm beynəlxalq təşəbbüsü hər il keçirilən Şuşa Qlobal Media Forumudur. Forumun məqsədi yerli və qlobal media arasında əlaqələndirməni, əməkdaşlığı təşviq etməkdir. Sözügedən tədbir mediada süni intellekt və medianın dürüstlüyü problemlərini, ona və jurnalistikaya təsir göstərən digər qlobal böhranları müzakirə etmək üçün mühüm platforma rolunu oynayır. 2024-cü ildə keçirilən forumda 150-dən çox iştirakçı, xüsusilə də tanınmış jurnalistlər iştirak ediblər.

Azərbaycan, eyni zamanda, Afrikanın müxtəlif ölkələrindən olan bir sıra tələbələrin öz ali təhsil ocaqlarında təhsil almasını da maliyyələşdirir. Təqaüd proqramının başlanğıcından bəri 30-dan çox Afrika ölkəsindən 365-dən çox tələbə bundan faydalanıb. Bu təşəbbüs Azərbaycan ilə Afrika arasında mədəni mübadiləni təşviq etməyə imkan yaradıb. Azərbaycan, həmçinin afrikalı həkimlərin və digər tibb işçilərinin avadanlıqla təminatında, onların təlimində fəallıq nümayiş etdirir.

Azərbaycan hökumətinin Afrika boyu təşviq etdiyi digər bir çox humanitar layihələr də var. Heydər Əliyev Fondunun xətti ilə Azərbaycan Afrikanın bir sıra ölkələrinə yardım göstərməkdə fəallıq nümayiş etdirir. Hazırda Sudan, Anqola, Çad və başqa dövlətlərə yardım göstərilir. Fondun fəaliyyətinin mühüm hissəsi əkin sahələrinin bərpasına, səhiyyə və minalardan təmizləmə istiqamətində yardımın göstərilməsinə yönəlib.

Afrika daha çox şeyə ehtiyac duyur, çünki burada inkişafın sürətləndirilməsi üçün ixtisaslı işçi qüvvəsinin və müvafiq texnologiyaların olmaması səbəbindən bir çox ölkələrdə iqtisadi durğunluq davam edir, tənəzzül yaşanır.

Texnologiyanın olmaması o deməkdir ki, əksər Afrika ölkələri və onların iqtisadiyyatları inkişaf etmir, lazımi irəliləyişə nail ola bilmir. Azərbaycan Afrikada rəqəmsal uçurumu aradan qaldırmaq və dövlət xidmətlərinin səmərəliliyini artırmaq məqsədi daşıyan ən qabaqcıl layihələrin həyata keçirilməsində də fəal iştirak edir. Azərbaycanın “ASAN xidmət” vasitəsilə dövlət sektorunda xidmətlərin təkmilləşdirilməsində Afrika ölkələrinə müvafiq yardım göstərir. “ASAN xidmət” məhz Azərbaycanın təşəbbüsü olaraq yaxşı idarəetməyə sadiq, ölkə vətəndaşlarına dövlət xidmətlərindən istifadə üçün sadə imkanlar yaradan qabaqcıl dövlət qurumudur.

Nəticə olaraq qeyd edilməlidir ki, dünya siyasətində uğursuzluqların meydana çıxması, ittifaqların dağılması müəyyən boşluğun yaranmasına gətirib çıxarır. Həqiqətən də ABŞ-ın və bir çox Avropa ölkələrinin Afrikada tarixi yükü və etibar çatışmazlığı var. Yenidən qurulmuş dünyaya hazırlaşdığı üçün qitənin yeni tərəfdaşlara ehtiyacı var. Çox güman ki, Azərbaycan həmin tərəfdaşlardan birinə çevrilməkdədir.

Seçilən
33
1
azertag.az

2Mənbələr