AZ

Sabah Mərkəzi Bank MÜHÜM QƏRAR açıqlayacaq: Uçot dərəcəsi artacaq?

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

 

Martın 12-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı ikinci qərarını açıqlayacaq. 

 

Milli Məclisin deputatı Vüqar Bayramov “Referans”-a açıqlamasında sabahkı qərarla bağlı proqnozlarını açıqlayıb.

 



“Son dövrlərdə Mərkəzi Bank uçot dərəcəsinin aşağı və yuxarı həddini dəyişməz saxlayıb. Bu inflyasiya və digər makroiqtisadi göstəricilər Mərkəzi Bankın proqnozlaşdırdığı səviyyədədir. Buna görə də biz praktik olaraq uçot dərəcəsinin son dövrlər dəyişmədiyini müşahidə edirik. Amma sözsüz ki, qlobal trendlər dəyişir. Dünya bazarında və xüsusən də resurs bazarında voladillik artıb. Bu faktorlar da Mərkəzi Bank tərəfindən nəzərə alınır. O cümlədən tədiyyə balansının vəziyyəti, ölkəyə daxil olan valyutanın həcmi və s. nüanslar da vacibdir. Bütün bunlara uyğun olaraq Mərkəzi Bank bu istiqamətdə qərarlarını təqdim edəcək”.

 

Deputat bildirib ki, burada əsas məqamlardan biri Mərkəzi Bankın uçot dərəcəsinin, xüsusən də, kredit faizlərinə təsirlərin minimum olmasıdır.

 

“Bizim monitorinqlər də göstərir ki, hazırda Mərkəzi Bankın uçot dərəcəsi kredit və depozit faizlərinə praktik olaraq ciddi təsir göstərmir. Buna görə də hansı qərarın verilməsindən asılı olmayaraq növbəti mərhələdə Mərkəzi Bankın uçot dərəcəsinin daha təsirli alətə çevrilməsi istiqamətində işlərin dərinləşdirilməsi vacibdir”.


İqtisadçı-ekspert Natiq Cəfərli isə qeyd edib ki, Mərkəzi Bank yaxın zamanda uçot dərəcəsini aşağı salmağa başlayacaq. Amma bu qərarın sabahkı iclasda olub-olmayacağı məlum deyil. 




"Uçot dərəcəsi ən azından 0,25 faiz aşağı salınacaq amma bunun sabahkı iclaslarda yoxsa növbəti iclaslarda deyiləcəyi məlum məsələ deyil. Çünki Mərkəzi Bank hələ ki, bununla bağlı bir ipucu verməyib. Ümumilikdə, bu il ərzində Mərkəzi Bankın uçot dərəcəsini yavaş-yavaş aşağı salması mümkündür. Çünki bizdə rəsmi inflyasiya zəifləyib və uçot dərəcəsinin aşağı salınması üçün şərait yaranıb". 

 

Fidan Vəlisoy

 

Seçilən
28
20
referans.az

10Mənbələr