Martın 11-də sosial şəbəkələrin Azərbaycan seqmetində yayılan bir video böyük rezonans doğurdu. Görüntülərdən məlum olur ki, dörd nəfər əli dəyənəkli şəxs bir avtomobilə hücum edir, şüşələrini sındırır və sürücünü döyürlər.
Bir qədər sonra Daxili İşlər Nazirliyi olaya aydınlıq gətirdi. Qurumun Mətbuat xidmətinin yaydığı informasiyadan məlum olur ki, hadisə bu il fevralın 5-də Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində baş verib. Qeyd olunub ki, bir qrup şəxs aralarında yaranan mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salıblar və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.
Polis əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlini saxlayaraq istintaqa cəlb edib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə N.Mustafakamalov, V.Cavadov və N.Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. A.Zahidli isə sərbəst buraxılıb.
İstintaq getdiyinə görə hadisənin təfərrüatları tam açıqlanmır.
Teleqraf-ın əməkdaşı sürücünü döyənlərdən biri - təqsirləndirilən Natiq Mustafakamalovun vəkili Emil Aslanovla söhbətləşib. Amma vəkil də suallara tam deyil, qismən cavab verib. Onunla müsahibəni təqdim edirik.
- Hadisənin xanıma sataşmaq üstündə olduğu məlumatı doğrudur?
- Bu barədə heç nə deyə bilmərəm, çünki istintaq sirridir.
- Amma təkzib də etmirsiniz?
- Bəli, nə təsdiq, nə təkzib edirəm.
- Xanım təqsirləndirilən şəxslərdən hansının həyat yoldaşıdır?
- İstintaq sirridir, heç nə deyə bilmərəm.
- Cinayət işi Cinayət Məcəlləsinin hansı maddəsi ilə başlanılıb?
- Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə.
- Hüquqlarını müdafiə etdiyiniz Natiq Mustafakamalov da daxil olmaqla təqsirləndirilən şəxslər özlərini günahkar sayırlar?
- Qismən günahkar bilirlər.
- Hadisə fevralın 6-da baş verib. Bəs bu mübahisə nə vaxtdan davam edirmiş?
- Bəli, olay qeyd etdiyiniz tarixdə baş verib. Amma mübahisənin nə vaxtdan başladığını deyə bilməyəcəm. Çoxdan olan bir söhbətin indi niyə yayıldığını da anlamıram.
- Vahid, Nazim və Azər Natiqin dostlarıdır, yoxsa qohumları?
- Hadisə ictimai qaydanın pozulmasıdır. Burada da istintaq sirri var. İstintaq sirrinin yayılmaması ilə bağlı sənədə qol çəkmişik. Ona görə də təqsirləndirilən şəxslərin dost, qohum olub-olmamaları barədə heç nə deməyəcəyəm.
- Apellyasiyaya vermək fikriniz var?
- Mən təqsirləndirilən şəxsin vəkiliyəm və o həbs oluna bilərdi. Biz onun həbs olunmamağını və ev dustaqlığına çıxmağını istədik. Bundan sonra niyə apellyasiyaya verim ki? Bu qərar təbii ki, bizi qane edir.
- Bu adamlar işə gedib-gələ bilirlər, yoxsa necə?
- Məhkəmə qərarından asılı olaraq müəyyən vaxtlarda evdə, müəyyən vaxtlarda çöldə olurlar.
- Azər Zahidli ilə bağlı niyə başqa cür qərar verildi?
- O, hadisədə az iştirak edib. Bu səbəbdən onunla bağlı ümumiyyətlə həbs qərarı seçilmədi.
- Zərərçəkənin ad və soyadı nədir?