AZ

Qəzza məsələsi ABŞ-da islamofobiya dalğasını alovlandırır- CAIR

BAKI, TurkicWorld

Amerika-İslam Münasibətləri Şurası (CAIR) bildirir ki, Qəzzaya edilən hücumlar ABŞ-da islamofobiya və müsəlmanlara qarşı ayrı-seçkiliyin artmasına səbəb olub.

TurkicWorld AzerVoice-a istinadənxəbər verir ki, ABŞ-ın ən böyük müsəlman vətəndaş cəmiyyəti təşkilatlarından biri olan CAIR, 2024-cü ildə islamofobiya ilə bağlı şikayətlərin 7,4 faiz artdığını açıqlayıb.
Hesabatda 2024-cü ilin müsəlmanlar və ərəblər əleyhinə ən çox şikayətlərin qeydə alındığı il olduğu , ümumilikdə isə 8658 şikayət daxil olduğu vurğulanıb.

Şikayətlərin 15,4 faizini məşğulluq ayrı-seçkiliyi, 14,8 faizini immiqrasiya və sığınacaqla bağlı məsələlər təşkil edib. Müsəlman və fələstinli tələbələrə qarşı ayrı-seçkilik halları 9,8 faiz, müsəlmanlara və ya ərəblərə qarşı nifrət cinayətləri isə 7,5 faiz səviyyəsində olub.

Hesabatda 2024-cü ildə islamofobiyanın artmasında əsas faktorun İsrailin Qəzzaya hücumları olduğu qeyd edilib. Bu hadisələrin antisemitizm, islamofobiya və ərəblərə qarşı təəssübkeşliyi daha da gücləndirdiyi bildirilir. Xüsusilə oktyabrın 7-dən sonra ABŞ universitetlərində İsrailə dəstəyə qarşı keçirilən etiraz aksiyalarında dövlətin təzyiqləri, polisin zor tətbiqi və tələbələrin saxlanılması vurğulanıb.

Hesabatda bəzi akademiklərin təzyiqlər səbəbindən vəzifələrindən istefa verməyə məcbur olduqları, bəzi tələbələrin isə ifadə azadlığına mane olan hücumlara məruz qaldıqları qeyd olunub.

Universitetlərdə baş verən hadisələrə nümunə olaraq Kolumbiya Universitetində polis tərəfindən zorakılıqla saxlanılan etirazçılar və Kaliforniya Universitetində Fələstin tərəfdarı etirazçılara edilən hücumlar göstərilib. Fələstinli aspirant Mahmud Xəlilin həbsi islamofobiya və azadlıqlara qarşı yeni bir hadisə kimi qiymətləndirilib.

Hesabatda, həmçinin, 2023-cü ilin oktyabrında 6 yaşlı Fələstin əsilli Amerikalı uşağın nifrət cinayətinə qurban getdiyi, Texasda 3 yaşlı Fələstin əsilli Amerikalı qızın boğulmağa cəhd edildiyi, Nyu-Yorkda müsəlman kişinin döyüldüyü və Floridada fələstinli zənn edilən iki israillinin güllələndiyi hadisələri də xatırladılıb.

Seçilən
35
turkic.world

1Mənbələr