Boks üzrə ağır çəkili dünya çempionu Tayson Fyuri ilə "Mançester Yunayted"in əfsanəsi Ueyn Runi "Soccer Aid 2025" xeyriyyə matçında İngiltərə yığmasını çalışdıracaqlar.
Fanat.Az xəbər verir ki, məlumatı BBC yayıb.
Mənbənin məlumatına görə, ənənəvi xeyriyyə oyunu iyunun 15-də Mançesterdə - “Old Trafford”da baş tutacaq.
İngiltərə yığması dünya ulduzlarından ibarət komanda ilə qarşılaşacaq. Runinin "Mançester Yunayted"dəki keçmiş komanda yoldaşları Qari Nevill və Pol Skoulz da onun komandasında olacaq. Co Hart, Stef Hoton və Toni Daqqan ilk dəfə olaraq turnirdə iştirak edəcəklər. Dünya komandasına italiyalı müdafiəçi Leonardo Bonuççi və danimarkalı hücumçu Nadia Nadim də qoşulacaq.
Tədbirdən əldə olunan bütün gəlir UNİCEF-ə gedəcək. Keçən il təşkil olunan xeyriyyə matçında 15 milyon funt-sterlinq toplanıb. Builki oyundan daha çox qazanc əldə edəcəyi gözlənilir.
Mirağa