AZ

Otello sindromu: Qısqanclığın təhlükəli həddi - QHT psixoloqu yazır

İllər öncə Bokkaççonun “Dekameron” və Şekspirin “Otello” əsərləri məndə dərin iz buraxmışdı. Bunun əsas səbəbi isə əsər qəhrəmanlarının qısqanclıq zəminində sevdiyi qadını öldürməsidir.

İllərdir kişinin narahat qısqanclığı qadına qarşı seksual güvənsizlik, qadında isə kişinin başqa birinə emosional bağlılığı kimi təzahür edir. Ən adi şeylərdə belə qısqanclığın pik həddinə çatırlar.

Otello sindromunun əlamətləri və düşüncələri:

  1. Ətrini dəyişib? Yəqin ki, gizli “şəxs” hədiyyə edib.
  2. “Ona kim yazır? Yəqin ki, gizli “şəxs”dir.”
  3. Yarım saat gec gəldin, yalan demə, sən o gizli “şəxslə” olmusan.
  4. Hələ də yatmır? 100% o gizli “şəxs” haqqında düşünür.
  5. Son vaxtlar çox fikirlisən, düzünü de, kimsə var?

Bu kimi misalları çox çəkmək olar.

Otello sindromu nədən yaranır?

İlk səbəb – özünə güvənsizlik. Bu hissi yaşayan insan daim narahat olur ki, sevdiyi şəxs həyatına ondan daha yaxşı birini qəbul edə bilər.

Spirtli içki və ya narkotik asılılığı olan insanların çoxu Otello sindromunun əsiri olur.

Qısqanclıq sağlamlığa çox neqativ təsir göstərir:

  • Yuxusuzluq
  • Baş ağrısı
  • Sürətli çəki itkisi
  • Hipertoniya

Bundan əlavə, depressiya, şizofreniya kimi mental pozuntulara səbəb ola bilər.

Otello sindromundan əziyyət çəkən insan qarşı tərəfə böyük təsir göstərir. Müxtəlif vasitələrlə qarşısındakının həyatını riskə atır:

  • Saatlarla eyni sualı vermək
  • Qəfil iş yerinə gəlmək
  • Şəxsi əşyalara baxmaq
  • Telefon danışıqlarını izləmək
  • Hətta alt paltarına belə müdaxilə etmək

Belə insanlarla yaşamaq mümkün olmur. Bu hallarda ailədaxili zorakılıq artır, hətta bəzən ölüm hadisələri də baş verir. Sindromdan əziyyət çəkən insan bəzən özünə də xətər yetirir.

Otello sindromu ilə necə mübarizə aparmaq olar?

21-ci əsrdə hər şeyin inkişaf etdiyi bir dövrdə belə hallarla tez-tez rastlaşırıq. Əgər bu sindromun əlamətlərini özünüzdə hiss edirsinizsə, mütləq psixoloq və ya mütəxəssisə müraciət edin.

Qısqanc insanlarda uzunmüddətli münasibət mümkün olmur. Daimi qışqırıq, dava, bir-birinin həyatını zəhərləyən münasibətlər... Unutmayın ki, hissləriniz və düşüncələriniz bir günə dəyişməz. Bu, zaman və səbir tələb edir.

İnsanın həyatını məhv edən “xəstə” qısqanclıqdan azad yaşamaq daha gözəldir.

İndi kimdən soruşsanız, “Qısqanclığa necə baxırsınız?” – əksəriyyət “Sevirsə, qısqanmalıdır” və ya “Dozalı qısqanclıq normaldır” cavabını verəcək.

Lakin qısqanmaq – özünə əmin olmamaqdır, kimisə özündən artıq bilməkdir, paxıllıqdır, hər an itirmək qorxusudur.

Hər zaman deyirəm, bu həyatda yalnız ölümə çarə yoxdur. Sağlam münasibət qurmaq istəyən insan öz üzərində və hisslərində işləməyi bacarmalıdır.

Ən önəmlisi – sosial şəbəkələrdə və real həyatda insanları aqressiyaya, zorakılığa çağırış edən insanlardan və xəbərlərdən uzaq durmaqdır.

Unutmayın: İnsan istəsə, qəlb evini gözəlləşdirər, istəməsə – cəhənnəmə döndərər. Seçim sizin...

Sevgilər

 

 

Samirə İsmayılova 

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu

Seçilən
45
qht.az

1Mənbələr