ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edən milyarderlər qısa müddət ərzində milyardlarla dollar itiriblər.
Valyuta.az xəbər verir ki, Donald Tramp 20 yanvarda vəzifəsinə başladığı zaman dünyanın ən varlı insanları onun yanında yer alıb. Həmin gün İlon Mask, Ceff Bezos və Mark Zukerberq də daxil olmaqla bir çox milyarder rekord sərvətə sahib idi və fond bazarlarında böyük qazanclar əldə etmişdilər.
Lakin yeddi həftə sonra vəziyyət dəyişib. Bloomberg Milyarderlər İndeksinin məlumatına görə, Trampın ikinci prezidentlik dönəminin başlaması, andiçmə mərasimində onun arxasında oturan milyarderlər üçün ciddi geriləməyə səbəb olub və onların beşi birlikdə ümumilikdə 209 milyard dollar sərvət itirib.
Trampla qazandılar, Trampla itirdilər
Trampın seçilməsindən və vəzifəyə başlamasından əvvəlki dövr S&P 500 indeksinin tarixi zirvələrə çatması ilə dünyanın ən varlı şəxsləri üçün böyük qazanc dövrü olmuşdu. İnvestorlar Trampın bizneslər üçün əlverişli siyasət aparacağını gözləyərək fond və kriptovalyuta bazarlarına axın etmişdi.
İlon Maskın "Tesla" şirkətinin səhmləri seçkidən sonrakı həftələrdə 98% artaraq tarixi maksimuma çatıb. Bernard Arnonun rəhbərlik etdiyi "LVMH" şirkətinin səhmləri isə andiçmə mərasimindən əvvəlki həftə 7% bahalaşaraq fransız iş adamının sərvətinə 12 milyard dollar əlavə edib. Trampı 2021-ci ildə sosial media platformasından uzaqlaşdıran Mark Zukerberqin "Meta" şirkəti də yeni dönəmin başlamasından əvvəl 9%, Trampın prezidentliyinin ilk dörd həftəsində isə 20% yüksəlib.
Səhmlər kəskin düşdü
Lakin Trampın yeni prezidentlik dövrünün bazar gəlirlərini dəstəkləməyə davam edəcəyi gözləntiləri puça çıxıb. S&P 500 indeksi Trampın vəzifəyə başlamasından bəri 6,4% dəyər itirib. Kütləvi dövlət işdən çıxarılmaları və Trampın gömrük tarifləri ilə bağlı qeyri-müəyyən çıxışları bazarlara mənfi təsir edib və göstərici indeks bazar ertəsi 2,7% azalıb.
Andiçmə mərasimində iştirak edən milyarderlərin sərvətlərinin dayandığı şirkətlər, 17 yanvar - yəni andiçmədən əvvəlki son ticarət günündən bu yana ümumilikdə 1,39 trilyon dollar bazar dəyəri itirib.
Ən böyük sərvət itkiləri
İlon Mask - 148 milyard dollar azalma
53 yaşlı "Tesla" rəhbərinin sərvəti 17 dekabrda 486 milyard dollar səviyyəsinə çataraq Bloomberg indeksində qeydə alınan ən yüksək sərvət olub. Qazancının böyük hissəsi, seçkidən sonra səhmləri ikiqat artan "Tesla"dan gəlirdi. Lakin sonrakı aylarda şirkət bütün bu qazancı itirib.
Avropadakı müştərilər Maskın ifrat sağçı siyasətçilərə dəstəyindən narahat olduqları üçün "Tesla"nın Almaniyadakı satışları ilin ilk iki ayında 70%-dən çox azalıb. Çin bazarında isə tədarüklər keçən ay 49% geriləyərək 2022-ci ilin iyulundan bəri ən aşağı səviyyəyə düşüb.
Ceff Bezos - 29 milyard dollar azalma
61 yaşlı Bezos Trampın ilk prezidentlik dövründə "Washington Post"a sahib olması və poçt xidməti ilə bağlı mübahisələr səbəbindən onunla gərgin münasibətlər yaşasa da, seçkidən bir gün sonra İlon Maskın X platformasında Trampı təbrik etmişdi.
"Amazon" dekabr ayında Trampın andiçmə mərasiminin fondu üçün 1 milyon dollar ianə etmişdi. Bezos ötən ay Tramp ilə görüşərək şəxsi azadlıqlar və sərbəst bazarlara üstünlük verəcəyini açıqlamışdı. Buna baxmayaraq, "Amazon" səhmləri 17 yanvardan bəri 14% ucuzlaşıb.
Sergey Brin - 22 milyard dollar azalma
51 yaşlı Brin "Google"u Larri Peyc ilə birlikdə qurmuş və şirkətin 6% səhminə sahibdir. O, 2017-ci ildə Trampın miqrasiya siyasətinə etiraz etmək üçün San-Fransisko hava limanında keçirilən nümayişə qatılmışdı.
Brin Trampın yenidən seçilməsindən sonra dekabr ayında Mar-a-Laqoda onunla birlikdə nahar edib. "Alphabet" səhmləri fevralın əvvəlində rüblük gəlir gözləntilərini qarşılaya bilmədiyi üçün 7%-dən çox dəyər itirib. Üstəlik, "Alphabet" şirkəti ABŞ Ədliyyə Nazirliyinin antimonopoliya iddiası ilə üz-üzədir.
Mark Zukerberq - 5 milyard dollar azalma
"Meta" 2024-cü ilin əvvəlində texnologiya sektorunun əsas qaliblərindən biri idi. S&P 500 indeksi sabit qalsa da, "Meta" səhmləri yanvarın ortasından fevralın ortasına qədər 19% yüksəlib.
Lakin bu yüksəlişin ardından "Meta" bütün qazancını geri verib. Texnologiya nəhənglərini təmsil edən Magnificent Seven indeksi, dekabrın ortasındakı zirvə nöqtəsindən 20% aşağı düşüb.
Bernard Arno - 5 milyard dollar azalma
"Louis Vuitton" və "Bvlgari" kimi lüks brendlərin sahibi olan 76 yaşlı Arno, onilliklərdir Trampın dostu kimi tanınır. Seçkidən sonra "LVMH" səhmləri yanvar ayının sonuna qədər 20% artmışdı.
Lakin bu artımdan sonra səhmlərin əksəriyyəti dəyər itirib. Morningstar analitikləri bildirirlər ki, Avropa lüks mallarına tətbiq edilə biləcək 10-20%-lik gömrük vergisi artıq zəif olan satışları daha da aşağı sala bilər.
Paşa Məmmədli