Gəncə bir saylı Mediasiya təşkilatının direktoru Südabə Məmmədova QHT.az-a açıqlamasında bildirib ki, Peşəkar Psixoloqlar İctimai Birliyinin sədri Səbinə İsmayılova ilə görüş keçirilib.
Onun sözlərinə görə, görüş zamanı gələcəkdə imzalanacaq əməkdaşlıq memorandumunun şərtləri müzakirə olunub:
"Memorandum çərçivəsində Gəncə bir saylı Mediasiya təşkilatının mediatorları Peşəkar Psixoloqlar İctimai Birliyinin psixoloji xidmətlərindən mütəmadi şəkildə yararlanacaqlar. Eyni zamanda, ehtiyac duyan müraciətçilər ən yaxşı psixoloqlara yönləndiriləcək".
Südabə Məmmədova qeyd edib ki, mediatorlar arasında tez-tez rast gəlinən "peşə yanması" sindromunun qarşısının alınması üçün müxtəlif terapiyalar tətbiq ediləcək. Bu məqsədlə Peşəkar Psixoloqlar İctimai Birliyi tərəfindən, şəxsən Səbinə İsmayılovanın rəhbərliyi ilə seminar və təlimlər təşkil ediləcək.
Pərvanə Fərhadqızı