Ali Məhkəmədə restoranda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Hadisə 2023-cü ilin aprelində paytaxtın Binəqədi rayonunun Binəqədi şossesində yerləşən "White Palace" restoranında baş verib. Belə ki, spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü P.Salmanov, 2005-ci il təvəllüdlü Xəyal Hüseynovu bıçaqlayıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində P.Salmanov saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Salmanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.
Kamal Məmmədov