Azərbaycanla Fransa arasında əlaqələrin tarixinə nəzər salsaq bir həqiqəti etiraf etməli olarıq. Fransanın hazırkı Prezidenti Emmanuel Makrona qədər hər iki ölkə arasında münasibətlər qarşılıqlı anlaşma şəraitində davam edib. Azərbaycan hər zaman Fransa ilə konstruktiv əlaqələr qurulmaqda, enerji və digər sahələrdə əməkdaşlıqda maraqlı olub. Ölkələrimiz arasındakı münasibətlərdə gərginlik, böhran erməni lobbisinin hakimiyyətə gədirdiyi Emmanuel Makron tərəfindən başlanılıb.
Torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistana daim dəstək göstərən, təcavüzkarı silah-sursatlarla təmin edən, sərhəd bölgələrində mühəndis-istehkam qurğularının inşasında iştirak edən fransız mütəxəssisləri ölkəmizə qarşı düşmən münasibətlərini də gizlətməmişlər. ATƏT-in Minsk qrupunun həmsədri olduğu müddətdə bütün danışıqlarda Ermənistanı dəstəkləyən , Azərbaycana qarşı təxribatlarını davam etdirən rəsmi Paris Qarabağ münaqişəsinin uzadılması üçün bütün vasitələrdən istifadə etmişdir. Rəsmi Parisin vasitəçi olduğu müddətdə aparılan danışıqlar nəticəsiz qalmışdır. Amma bu vəziyyət uzun müddət davam edə bilməzdi. İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdıqdan sonra daha da quduzlaşan Makron rəsmi İrəvana silah «yardımını» intensivləşdirmişdir. Çünki Ermənistanın baş naziri Nikol Paşinyanın kapitulyasiya aktını imzalaması, eyni zamanda, işğalçının havadarı Fransanın məğlubiyyəti demək idi. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra ölkəmiz əleyhinə qətnamələrin qəbulunda iştirak edən Makron iqtidarı Azərbaycanın güclənməsini təşvişlə izləyirdi. Əgər 2020-ci ilə qədər Fransa Ermənistana gizli şəkildə dəstək göstərirdisə, İkinci Qarabağ müharibəsindən sonra Fransa anti-Azərbaycan münasibətini açıq şəkildə nümayiş etdirməkdədir. Fransanın Ermənistana birmənalı dəstəyi Bakı ilə Paris arasında ikitərəfli münasibətləri korlamaqla Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdidlər yaratdı. Fransanın Ermənistana güclənən dəstəyi, üzvü olduğu Avropa İttifaqının digər dövlətlərini də onun siyasətini dəstəkləməyə çağırması bölgədə siyasi sabtliyə təhlükəni daha da artırdı. Avropa İttifaqının bəzi üzvləri Makronun təşəbbüslərini dəstəkləsə də, rəsmi Parisin regiona yönəlik diplomatik və hərbi təşəbbüslərinə bitərəf yanaşanlar da oldu.
Ermənistanın məğlubiyyətini hələ də qəbul etmək istəməyən Fransa revanşist qüvvələri yeni müharibəyə təhrik etməklə «səhvini düzəltməyə» çalışır. Rəsmi Paris torpaqlarımız işğal altında qaldığı müddətdə Ermənistana verdyi silahların sayını xeyli artıraraq Cənubi Qafqazı yenidən müharibə ocağına çevirməyə çalışır. Özünü demokratik ölkə kimi tanıtmağa çalışsa da, saxta « sülh mələyi» donuna bürünsə də qatil gec- tez axıtdığı qanlarda boğulmağa məhkumdur.
Fransanın zülmündən əziyyət çəkən ölkələrə yardım göstərən, onların azadlıqları uğrunda mübarizələrinə dəstəyini əsirgəməyən Azərbaycana qarşı düşmən mövqeyini Ermənistan revanşistlərini silahlandırmaqla bildirən rəsmi Paris ölkəmizə qarşı ən iyrənc böhtan və qarayaxmalardan istifadə edir. Ölkəsində nüfuzu azalan, reytinqi aşağı düşən Makron müstəmləkəçilik, neokolonialist siyasətini davam etdirir, dünya birliyində aşağı düşən nüfuzunun bərpasına çalışır. Amma Azərbaycanın haqq-ədalət uğrundakı mübarizəsi Makronun yalançı səylərini üstələyir. Əslində müstəmləkəçilik siyasətini saxta demokratiya” adı altında davam etdirən Fransa ilə Ermənistanı birləşdirən bağlar da eyni qandan yoğrulmuş münasibətlərdir. Müstəmləkə altında saxladığı ölkələrin təbii sərvətlərini talan edərək özünü guya iqtisadi cəhətdən qüdrətli ölkə kimi tanıdan Fransa 200 il ərzində nəinki Afrika qitəsinin təbii sərvətlərini mənimsəyib, eləcə də quldarlıqla məşğul olub. Ucuz qul əməyindən istifadədən yararlanan Fransa jandarmaları Afrikada 1,4 milyon insanı qul kimi satıblar. Müxtəlif ölkələrə daşınan qulların 15 faizi yolda acından ölüb. Əsrlərdən bəri Fransa şirkətlərinin istehsal etdiyi məhsullarda minlərlə afrikalının istismar olunmuş əməyi, qan izləri vardır. Tarixdən bəllidir ki, azadlıqları uğrunda mübarizə aparan afrikalıların etirazları xüsusi amansızlıqla yatırılmışdır. Ötən əsrin əvvəllərində Mərakeşdə, Əlcəzairdə , Çadda, Madqaskarda yüz minlərlə insan fransız əsgərləri tərəfindən vəhşicəsinə öldürülmüşdü. Xüsusilə 1945-ci ildə Əlcəzairin Setif və Helma şəhərlərində faşizm üzərində qələbənin qeyd edilməsi zamanı 45 min insan qətlə yetirilmişdi. Fransanın müstəmləkə siyasəti Afrika və Asiya ölkələrinin ekologiyasına da güclü zərbə vurub. 1960-1990-ci illərdə Fransa ordusu Əlcəzair və Polineziya ərazisində 210 dəfə nüvə bombası sınağı keçirib. Nəticədə vəhşi heyvanların populyasiyası 70 faiz azalıb ki, bu da təbiətə vurulan ən güclü zərbə olub. hazırda Afrika xalqlarının milli mədəniyyət və incəsənət nümunələrinin 90 faizi Luvr və Branli muzeylərində saxlanılır. Fransa təkcə Afrikada deyil, digər ölkələrin ərazisində də tarixi abidələri və mədəniyyət nümunələrini mənimsəyib, sadə dillə desək, oğurlayıb. Bu tarixi abidələrin geri qaytarılması üçün bu gün Avstraliya, Əlcəzair, Efiopiya, Nepal, Seneqal, Mali, Madaqaskar və digər dövlətlər Fransa qarşısında tələb qoyublar.
İşğal altında saxladığı Azərbaycan torpaqlarında bütün tikililəri dağıdan, sanlıları məhv edən Ermənistanın Fransadan fərqi yoxdur. Ermənistan da Fransa kimi 30 il işğal altında saxladığı Azərbaycanda hərbi, siyasi, ekoloji terrorlar törədən, daşı-daş üstündə qoymayan erməni silahlıları fransız qardaşları kimi ölkəmizin maddi-mənəvi sərvətlərini başqa ölkələrə satmışlar.
Martın 10-da Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) «Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı»”nın təqdimat mərasimində açıqlanan faktlar erməni vhşiliyinin qan donduran xronikasıdır. Mərasimdə qeyd olunduğu kimi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3977 nəfəri XX əsrin 90-cı illərində, yəni, Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüb. Həmin şəxslərin 3983 nəfərin 3209-u hərbçi, 774-ü mülki şəxslərdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən və 2023-cü ildə həyata keçirilmiş bir sutkalıq antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa- quruculuq işləri zamanı ermənilər tərəfindən amansızcasına qətlə yetirilmiş xeyli sayda kütləvi məzarlıqlar aşkar olunmuşdur. Son məlumata əsasən, 688 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb. Qazıntılar zamanı aşkarlanmış 23 kütləvi məzarlıqdan 187 şəxsə, həmin ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsində 309 şəxsə, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 15 şəhər və rayonunun ərazisində yerləşən qəbiristanlıqlarda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarından 192 nəfərə aid meyit qalıqları ekshumasiya olunub”.
Ermənistanın hərbi təcavüzü nəticəsində 19 mindən çox vətəndaşımız öldürülüb və ya itkin düşüb, 65 mindən artıq insan müxtəlif bədən xəsarətləri alıb. 900-dən çox yaşayış məntəqəsi tamamilə dağıdılıb, ərazilərin infrastrukturuna və ekologiyasına 10 milyard dollarlarla ölçülən ziyan vurulub, 10 min hektarlarla ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilib, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilib, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulub. Fransa izi hiss olunan bu qətliamlar insanlıq tarixində görünməyən vəhşilikdir. Beləliklə, erməni silahlıları fransız jandarmlarının izlərini Azərbaycanda tətbiq etmişlər. Amma Ermənistan-Fransa «həmrəyliyi» qətliamlarla yekunlaşmır. Cənubi Qafqazda geosiyasi üstünlük əldə etmək üçün haylardan istifadə edən Fransanın Ermənistanı Rusiyaya qarşı qaldırmağa çalışması tarixi siyasi ənənənin davamı kimi qiymətləndirilir. Ötən əsrdə Afrikada «Fransafrik» siyasəti həyata keçirən rəsmi Paris hazırda bu mənfur ənənəsini «Frankofoniya»” adı altında reallaşdırır. Yəni, Azərbaycana təzyiq və Ermənistana himayədarlıq edən Fransa geosiyasi fəaliyyətini fərqli adlar altında davam etdirir.
Azərbaycanın dünyada möhkəmlənən mövqeyindən qorxan Makronun Cənubi Qafqaz siyasətinin məhvə məhkum olduğunu bildirən Prezident İlham Əliyev Fransa Prezidentinin Azərbaycan fobiyasını cəfəngiyyat adlandırır. «Mən düşündüklərimi həmişə özümdə saxlamışam və heç vaxt mənfi münasibətimi ona layiq olanlara göstərmək istəməmişəm. Zənnimcə, burada daha bir amil fransız rəhbərliyinin siyasi cəhətdən səriştəsiz olmasıdır. Mənə cənab Makrona qədər Fransanın üç prezidenti ilə işləmək və ünsiyyətdə olmaq nəsib olub və ölkələrimiz arasında münasibətlər həmişə çox uğurla inkişaf edib» söyləyən Prezident İlham Əliyev əlavə olaraq Makronu yaxşı tanıdığını da bildirir: «Eyni zamanda, indiki prezidentin tərcümeyi-halına da baxmaq olar, daha da dərinə getmək istəmirəm. Ona görə də zənnimcə, öz rolunu həddindən artıq qiymətləndirmək və ölkəni tamamilə özü ilə eyniləşdirmək baş verməməlidir. Ölkə başqa şeydir, prezidentsə başqadır. Əgər hər hansı ölkə həqiqətən böyükdürsə, prezident də ona bənzəməlidir. Əgər ölkə geridə qalıbsa, prezident isə sanki mütərəqqidirsə, o, ölkəni də həmin səviyyəyə çatdırmalıdır. Ona görə də zənnimcə, bütün bu amillər mövcuddur.»
Xuraman İsmayılqızı, «İki sahil»