AZ

Azərbaycan Universitetində “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimatı oldu - Fotolar

Azərbaycan Universitetində Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimat mərasimi və müzakirəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva qonaqları və tədbir iştirakçılarını salamlayaraq, kitabın müəllifləri ilə eyni kürsünü paylaşmaqdan qürur hissi duyduğunu ifadə edib. Çıxışında Lütfi Zadənin əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsinin fəlsəfi mahiyyəti haqqında yığcam məlumat verən rektor, dünyaşöhrətli alimin keçən əsrin 60-cı illərində səsləndirdiyi “Real dünya ilə riyazi dünya arasındakı uçurumu aradan qaldırmaq üçün nə isə etmək lazımdır” fikrini sitat gətirərək qeyd edib ki, Lütfi Zadənin məntiqi bu istiqamətdə aparılan elmi axtarışların məhsuludur. Günümüzdə isə qeyri-səlis məntiq humanitar elmlərə sirayət etməyə başlayıb. Belə ki, akademik Kamal Abdulla ilə professor Rafiq Əliyevin birgə fəaliyyəti nəticəsində “Kitabi- Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və dil-nitq” kimi çox dəyərli iki elmi əsər ərsəyə gəlib. Bu əsərlərin tədqiqatçılar üçün yeni üfüqlər açdığını bildirən rektor tədbirin işinə uğurlar arzulayıb. 

Əsərin müəllifləri akademik Kamal Abdulla və professor Rafiq Əliyev kitabın ərsəyə gəlmə prosesi haqqında danışıblar. Rafiq Əliyev Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən kitabların ideya müəllifinin Kamal Abdulla olduğunu və qeyri-səlis məntiqin dilçilik sahəsinə tətbiqinin məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni cığır açdığını diqqətə çatdırıb. Kamal Abdulla bildirib ki, qeyri-səlis məntiqin başqa elm sahələrinə də tətbiq olunması Lütfi Zadənin ən böyük arzusu olub. Birinci kitab təkcə Azərbaycanda deyil, Türkiyə və Almaniyada da çap olunub və Lütfi Zadənin missiyasının təbliğində böyük rol oynayır. Hazırda yeni əsər üzərində iş gedir və trilogiyanın sonuncu kitabı “Uşaqlar üçün qeyri-səlis məntiq” mövzusuna həsr olunacaq.

Daha sonra Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, Tərcümə və filologiya kafedrasının professoru Qorxmaz Quliyev, tədbirin qonaqları akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov, professor İsmayıl Məmmədov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, departament müdiri, professor Tahirə Allahyarlı çıxış ediblər.

Tədbir müzakirə və tələbələrin suallarının cavablandırılması ilə davam edib. 

Sonda müəlliflər kitabları tədbir iştirakçıları üçün imzalayıblar.





Seçilən
22
3
qafqazinfo.az

5Mənbələr