"Ümumiyyətlə, genişmiqyaslı müharibə ehtimalı azdır, lakin hərbi əməliyyatlar, sərhəd zastavalarına hücumlar və Azərbaycanın hərbi mövqelərinə qarşı təxribat xarakterli addımların atılması mümkündür. Son müşahidələr göstərir ki, Ermənistan ordusu şərti sərhəd bölgəsində xəndəklər qazır, ağır texnikaları sərhədyanı ərazilərə yerləşdirir və bu, müəyyən hərbi hazırlıqlardan xəbər verir."
Politoloq Əhməd Şahidov bunu News365.az-a açıqlamasında deyib.
"Son həftələrdə Ermənistanın müdafiə və xarici işlər nazirlərinin Hindistana rəsmi səfərləri, bu çərçivədə hərbi əməkdaşlıq və Hindistan istehsalı olan ağır silahların alınması da diqqətçəkicidir. Ermənistan bir tərəfdən Azərbaycanla sülh danışıqlarına dair bəyanatlar versə də, faktiki olaraq intensiv şəkildə silahlanır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hindistanın Vion qəzetinə verdiyi açıqlama da bunu təsdiqləyir. O, Ermənistanın Hindistandan ən çox silah alan ölkələrdən biri olduğunu açıq şəkildə etiraf edib və bunu ikitərəfli münasibətlərə töhfə kimi qiymətləndirib. Bununla yanaşı, alınan silahların heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyini iddia etməsi isə açıq-aşkar ziddiyyətlidir.
Bütün bunlarla yanaşı, Ermənistanın şərti sərhəddəki son aktivliyi və Avropa İttifaqının müşahidə missiyası adı altında sərhəd bölgələrində kəşfiyyat xarakterli fəaliyyətləri onu deməyə əsas verir ki, Ermənistan Azərbaycana qarşı təzyiq məqsədilə müəyyən hərbi addımlar ata bilər."