Azərbaycanda startaplar tərəfindən idarə olunan aktivlərin dəyəri 35,6 milyon ABŞ dolları səviyyəsindədir.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədrinin müavini Rəşad Xalıqov "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.
Onun sözlərinə görə, bu il bu rəqəmi 50 milyon ABŞ dollarına qədər artırılması planlaşdırılır: “Biz innovasiya və rəqəmsal inkişaf sahəsində daim startaplarımızın yanındayıq. Onların qlobal tədbirlərdə iştirakı və investorlara çıxışının təmin edilməsi üçün mümkün şərait yaradırıq. Belə ki, dəstəyimizlə həyata keçirilən "Road-show" layihəsi çərçivəsində Azərbaycan startaplarının nüfuzlu qlobal texnologiya tədbirlərində iştirakına yardım göstəririk”.
O qeyd edib ki, indiyə qədər startaplarımız ABŞ, İspaniya, Səudiyyə Ərəbistanı, Çin, Polşa, Almaniya və Birləşmiş Ərəb Əmirliklərində baş tutan qlobal tədbirlərdə iştirak ediblər: “Bu tədbirlər zamanı startaplar müxtəlif ölkələrdən olan investorlarla görüşlər keçirib, öz məhsullarını təqdim etmək imkanı əldə ediblər".