BAKI, TurkicWorld
ABŞ-da Beynəlxalq Kosmik Stansiyada (BKS) aylarla qapalı qalan astronavtların geri qaytarılmaması Bayden administrasiyasına yönəldilmiş tənqidləri artırıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, keçmiş astronavt Clayton Anderson bu məsələ ilə bağlı New York Post-a açıqlamasında NASA astronavtları Suni Williams və Butch Wilmore-un geri qaytarılmamasının siyasi motivli olduğunu bildirib.
O, Bayden administrasiyasının seçkidən əvvəl fəlakətli bir hadisə riskindən qaçmaq üçün astronavtları orbitdə saxlamağa üstünlük verdiyini iddia edib.
Andersonun sözlərinə görə, SpaceX-in sahibi İlon Mask astronavtları Yerə gətirməyi təklif etsə də, bu proses siyasi səbəblərdən gecikdirilib. O, Maskın bu barədə səsləndirdiyi fikirlərin "bir qədər həqiqət" ehtiva etdiyini qeyd edib.
Ötən ay ABŞ-ın keçmiş prezidenti Donald Tramp da bu məsələ ilə bağlı çıxış edərək NASA-nın Boeing şatlının texniki nasazlığı səbəbindən astronavtların 8 aya yaxın orbitdə qaldığını xatırladıb və SpaceX-in onları geri gətirməyə kömək etməsini tələb edib.
Qeyd edək ki, NASA astronavtları Williams və Wilmore 5 iyun 2024-cü ildə Boeing-in yeni Starliner kapsulu ilə bir həftəlik sınaq uçuşu üçün BKS-ə göndərilmişdi. Lakin texniki problemlər səbəbindən onların qayıdışı təxirə salınıb və ehtiyat kapsulun buraxılışı gecikdiyi üçün onların martın sonu və ya aprelin əvvəlinə qədər orbitdə qalacağı gözlənilir.