AZ

Ümidlər daşa dönüb divarlara hörülər…

Pencəyinin yaxalığını qaldırıb, üşüyən boynunu sərt xəzridən gizlətməyə çalışdı. Cəhdinin əbəs olduğunu görüb, körpünün dayaqlığından daldalanacaq kimi istifadə etmək istədi. Kürəyini beton dayaqlığa söykədi. Soyuq olsa da heç olmasa acı külək burda üz-gözünü dalamırdı.

Hər gün gündəlik iş tapmaq arzusu ilə bura toplaşanların hamısının dilində tək bir dua olurdu. “Ay allah sən özün xeyirli iş yetir”, amma iş tapmaq arzusu da, dualar da eşidiləcəyi sadəcə bəxt amili idi. Sanki üstündən maşınlar şütüyən nəhəng körpü buradakı insanları yağışdan, küləkdən qoruyurdusa da dualarının göylərə qalxmasına imkan vermirdi. Bura sürücülərinin “qul bazarı” adlandırdığı gündəlik iş axtaranların yığışdığı yer idi. Elektriklər, qaynaqçılar, suvaqçılar, bənnalar, santexniklər, heç bir ixtisası olmayan fəhlələr ümidlə üz tutduğu ünvanın özünəməxsus özəlliyi vardı. Burda sakit dayanıb gözləməklə iş bəxtinin üzünə güləcəyinə ümid etmək mənasızdır. Gərək maşın saxlayıb söz soruşan hər kəsə bacardığın işləri sadalayıb işçi axtarana üz mimikanla xoş təəssürat bağışlamağı bacarasan, əks təqdirdə bəxt üzünə gülməyəcəkdir. Gündəlik ruzi ümidinə iş axtaranların bir başqa bəxt bazarı da vardı bu “bazar” ın içində. Köhnə, yonulmamış kələkötür ağacdan düzəldilmiş kətilin üstə latareya biletləri satılırdı. Bəlkə də latareya satan bu məkanı seçməkdə böyük biclik etmişdi. Burdakıların hamısı İmkanlı iş sahibi tapmaq arzusunun arzu olaraq qaldığı günün sonunda ”poz qazan” stoluna yaxınlaşıb, ciblərinin küncündəki sonuncu manatlarla bəxt sınayırdılar.

Saat biri keçəndən sonra fəhlə axtaranın gələcəyini gözləmək əslində mənasız olduğunu hamısı anlayırdı. Ona görə də dinməzcə yaxınlaşıb bircə dənə də olsa “poz qazan” la bəxt sınamağa üz tuturdular. Bir anlıq, latareyanın üstündəki qızılı təbəqəni pozana qədər yaşlı ya gənc olmasına baxmayaraq çuxura düşmüş gözlərdəki ümid qığılcımlarının işığının sondakı təəssüflə əvəzlənməsi bəlkə də dünyanın ən acı mənzərəsi olurdu. O təəssüflərdə nə qədar adi, amma ən vacib istəklər boğulurdu ilahi! İkicə kiloqramlıq şəkər tozundan tutmuş tavanı bu lənətə gəlmiş körpü olan “qul bazarı” ından birdəfəlik can qurtarmaq, iki-üç ay ödənə bilməyən kirayə haqqını ödəmək… daha nələr, nələr…

Bunlar hamısı bir-birlərinə oxşayırdılar. Hərə bir cür düşür həyat adlı quyunun dibinə. Çətini düşənəcəndir. Sonarası hamı bir- birinə oxşayır. Lap bir almanın bərabər bölünmüş dilimləri kimi deyib öz-özünə latareya satana yaxınlaşdı. Sonra nə fikrləşdisə əlini cibindən çıxarıb geri çevrildi. Əşşi nə olacaq olacaq. Bəlkə… Yenə heç nə düşmədi -deyib dərindən ah çəkdi. Bu günkü sonuncu ümidini hamının latareyaçı adlandırdığı gənc oğlana verib, yolun əks istiqamətinə keçmək istədi. Sonra nə düşündüsə beton dayaqlığın yanına qayıtdı. Artıq “ bazar” da adam qalmamışdı. latareyaçı da çantasını çiyninə keçirib getdi. Onun kələkötür mizinin ətrafında qalaqlanmış cırılıb atılan, heç kəsi sevindirməyən “ poz qazan” larını külək hara gəldi uçururdu. Puç olmuş ümidlər kimi ünvansız, səmtsiz rüzgarların azğın vıyıltısında hara gəldi uçurdular.

-Fəhlə lazımdır! - düz bərabərində dayanmış maşının yan şüşəsini aşağı salaraq ona müraciət edən adamın sanki göydən düşdüyünü zənn etdi.

-Nə işidir?

- Daş daşımaq. Ustanın əlinin altına daş daşımaq.

Səliqə və xüsusi zövqlə hasarlanmış böyük həyətin ortasında hündür ev ucalırdı. Həyətə daxil olan kimi hiss olunurdu ki, evin inşası hələ tamamlanmayıb. Onunla görəcəyi işi danışıb razılaşdığı iş icracısı hər şeyi aydın şəkildə izah edirdi.

-Bu evin sahibi halal və düz adamdı. Bizə tapşırıb ki, gördüyü işin haqqını fəhləyə düz verək. Özü də hər gün gəlib, görülən işləri yoxlayır.

-Qardaş, biz razılaşdıq. Mənim işim bu mişar daşlarını üçüncü mərtəbəyə daşımaqdır. Xahiş edirəm, görülmüş işinizi təhvil alandan sonra haqqımı verərsiz. Ev sahibi ilə mənim nə işim var.

-Onda mənə ancaq qolunuza qüvvət demək qalır- deyə orta boylu qarayanız iş icracısı həyətin qurtaracağındakı yarımçıq tikiliyə tərəf getdi.

O, bir neçə dəfə üç-üç üçüncü mərtəbəyə daş qaldırdıqdan sonra qərara aldı ki, daha iki-iki götürsün. Görünür nahar etmədiyindən başı gicəllənirdi. Daha sonra tək-tək daşımağa qərar verdi. Hiss edirdi ki, taqəti tükənir, amma hələ daşların yarısı durdu. Daşıyıb cərgəyə vurduğu mişar daşlarının üstündə oturdu. Burdan dənizin gözəl mənzərəsi açılırdı. Ürəyində fikitləşdi ki, gözəl zövqü var ev sahibinin. Əslində bu tikili heç fərdi evə də oxşamırdı. Hər mərtəbədə otaqların sayı ona qədərdir.

Gözləri qaraldı. Huşunun özündən gedəcəyindən ehtiyat etdi. Mişar daşları anidən böyüyüb əcayib görkəm alırdı. Ona elə gəldi bu daşlar hər biri öz çəkisindən böyük “ümidlər” dir. Həyətdən üçüncü mərtəbəyə qalxıb böyüyür. Sonra daşlar qışqırmağa başladı. Lap bağırtıya, haraya bənzər səs çıxardılar. O qədər ucadan qışqırdılar ki, səsləri batdı. Xırıltıya bənzər boğuq səsləri eşidilməz oldu.

Gözlərini açanda, yanında həyat yoldaşını gördü.

-Mənə nə olub, hardayam.

-Sakit ol, əzizim. Evimizdəsən.

-Məni evə kim gətirib?

-Evində işlədiyin adam. Soraqlaşıb tapıb ünvanımızı. İşdə narahat olub, özündən getmisənmiş. Çox yaxşı adammış.

-Başqa heç nə demədi?

-Yox, sağollaşıb getdi.

-Pul vermədi?

- Bir konvert qoydu. Dedi rəhbəri olduğum təşkilatın adından hədiyyə edirəm.

- Baxım

Titrək barmaqları ilə açdığı zərfin içindən bir neçə dənə “Poz Qazan” latareyası çıxdı.

- Aa, nə yaxşı -deyib, xanımının həvəslə pozduğu, sonunda məyus olduğu biletlərə gözucu baxaraq xəyalı onu çox uzaqlara apardı. Nəhayətsizliyə, məchullığa…

(hekayə)

Pərviz Yəhyalı

visiontv.az



Seçilən
32
visiontv.az

1Mənbələr