AZ

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinif şagirdləri üçün qəbul elan edir

Bakı, 12 mart, AZƏRTAC

Dövlət Sərhəd Xidməti (DSX) 2025-2026-cı tədris ili üzrə Xüsusi Məktəbin V sinif şagirdləri üçün qəbul elan edir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2025-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlər 2025-ci il martın 27-dək Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidir. Daha sonra dim.gov.az saytının baş səhifəsində yerləşdirilən keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidir.

DİM-in saytında "Şəxsi kabinet" yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidir. Daxil edilən məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.

Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanan müqavilələrə uyğun olaraq həyata keçirilə bilər.

Qəbul imtahanı 2025-ci il aprelin 13-də Bakı şəhərində, DİM tərəfindən test üsulu ilə keçiriləcək. İmtahanın keçirilmə yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaq. Namizədlər “imtahana buraxılış vərəqəsi”nı imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə bilər.

Test imtahanı Azərbaycan dili, riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılır və hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcək. İmtahanın müddəti 90 dəqiqədir.

İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə fotoşəkilli arayış (fotoşəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidir. Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanın nəticələri DSX-ya təqdim ediləcək. Yüksək nəticə göstərən namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət etmək mümkündür.

Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5.

Əlaqə telefonu: 012-554-92-44

 

Seçilən
19
19
azertag.az

10Mənbələr