AZ

Ay “kişilər”, sosial şəbəkələr yalnız sizin üçün deyil!

Ötən gün Bakıda bir neçə nəfərin sürücünü vəhşicəsinə döyməsinin görüntüsü yayıldı. Məlum oldu ki, döyülən sürücü “TikTok” istifadəçisi olub. Və o, sosial şəbəkə vasitəsilə həmin şəxslərdən birinin xanımına mesaj yazıb. Bundan xəbər tutan qadının qohumları hadisənin “qəhrəmanı”nı tapıb, arxasınca düşərək tıxacda saxlayıb və döyüblər.

Nə olursa-olsun, insanların gözü qarşısında yol kəsib, bu qədər insanı yolundan etmək, stress yaşatmaq düzgün deyil. Bu, heç də o demək deyil ki, hansısa gədanın qadına qarşı nalayiq söz deməsi, onu bu və digər formada təhqir etməsi qəbulediləndir. Təbii ki, yox. Bunun adı şərəfsizlikdir və bu cür şəxslər hüquq-mühafizə orqanlarına müraciət edilməklə qanunla cəzalandırılmalıdır. Çünki "samosud” təşkil etməklə bir nəfərin vəhşicəsinə döyülməsi digər problemlərə yol açır, digərlərinə pis örnək olur...

Sosial şəbəkə istifadəçisisənsə, hələ qadınsansa, başına gələcəklədən də xəbərdar olmalısan. Çünki sosial şəbəkədə hər ağıla qulluq edən şəxslər mövcuddur. Və bir qrup görməmiş “kişilər” var ki, qarşısına çıxan hər qadına tanışlıq mesajı yazır, intim təkliflər edir. Heç baxmırlar qabağındakı gənc qızdır, qocadır, kimdir-nəçidir fərq etmir. Öz aləmində bəxtini sınayır, "tutar qatıq, tutmaz ayran" deyib şərəfsizcəsinə planını həyata keçirməyə çalışır. Sanki qadın sosial şəbəkədən istifadə edirsə, mütləq özünə “adam axtarır”, mütləq ona yazılan mesajlara cavab verəcək, onunla tanış olacaq. Bütün bunlar sosial şəbəkələrdən istifadə edən əksər qadının başına gəlir.

Hələ də qadını insan yox, sadəcə xidmətçi gözündə görən, yalnız ev işləri ilə məşğul olmalıdır, "sosial şəbəkələrdə qadının nə işi var idi ki, hansısa kişi də ona nalayıq söz desin" deyən kişilər də az deyil cəmiyyətimizdə. Bütün bunlar ayrı bir problemdir. Amma qadın da hər hansı bir addım atanda tək özünü deyil, ailəsini də düşünməli, hansısa axmağa, yolunu azmış birinə görə ailəni başsız qoymamalıdır. Barəsində danışdığım hadisəyə görə 3 nəfər məsuliyyətə cəlb edilib. Onlar barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Hətta bundan da betər hadisə baş verə bilərdi. Qəzəblənmiş şəxslər həmin sürücünü öldürə də bilərdilər. Və nəticədə bir nəfər ölmüş, 3 nəfər də həbsə getmiş olacaqdı.

Əslində, bu məsələnin həlli çox sadə ola bilərdi. Qadın həmin şəxsi “blok” edib yoluna davam edə bilərdi. Və ya onu sosial şəbəkələrdə ifşa edərək ictimai qınağa məruz qoya bilərdi. Və bu da bir çox “qadın ovuna” çıxmış “kişilər”ə ibrət olardı. Onlar da bilərdi ki, hər bir kişi kimi qadınlar da sosial şəbəkələrdən istifadə edə, bu və digər mövzu ilə bağlı fikirlərini ifadə edə, nələrisə paylaşa bilərlər. Çünki bu hüquq yalnız kişilərə verilməyib.

Seçilən
15
1
publika.az

2Mənbələr