AZ

ABŞ-İran arasında GƏRGİNLİK getdikcə artır:- Müharibə gözləniləndir?- ŞƏRH

“ABŞ ilə İran arasında söz duelinin son zamanlar daha da intensivləşməsi diqqəti cəlb edir. Bir tərəfdən Tramp administrasiyası İranla danışıqlara getmək istəyi barədə bəzi işarələr verir, digər tərəfdən İrana qarşı ritorikanı o qədər sərtləşdirir ki, qarşı tərəf bu yanaşmaları rədd etmək məcburiyyətində qalır. İran prezidenti Pezeşkianın Trampa ünvanlanmış son bəyanatı isə bu iki dövlət arasında müzakirələrin ümumiyyətlə baş tutmayacağı barədə fikir yürütməyə əsas verir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, son polemika fonunda İran nüvə proqramı ilə bağlı mövqeyini bir qədər də sərtləşdirib:

“İndi o, bu proqramın dayandırılması barədə ümumiyyətlə söhbət açmır. İran rəsmiləri danışıqlara yalnız onların nüvədən dinc məqsədlərlə istifadə edəcəklərini sübut etmək üçün gedə biləcəklərini bildirirlər. Yəni, İran nüvənin zənginləşdirilməsi, sentrifuqaların fəaliyyətinin genişləndirilməsi sahəsində fəaliyyətini davam etdirəcəyini bildirir. Bu da ABŞ-nin bu vaxta qədər İranın nüvə proqramı ilə bağlı tutduğu mövqedən irəli gəlir. İranda düşünürlər ki, ABŞ nüvə proqramının qarşısını almaq adı altında İranın hərbi sənayesinin inkişafını dayandırmaq məqsədi güdür. Belə olan surətdə vəziyyətin gərginləşməsi hansı mərhələyə qədər davam edə bilər?”.

Ə. İbrahimov hesab edir ki, Tramp İranla hər hansı bir surətdə müharibə aparmaq fikrində deyil:

“Tramp ümumiyyətlə müharibə yox, iqtisadiyyat adamı, danışıqların tərəfdarı olduğunu çoxdan sübut edib. Amma onun Zelenski ilə apardığı danışıqlar formasını İranın qəbul edəcəyi gözlənilən deyil. Deməli, əgər ABŞ İranla danışıqlar aparmaq istəyirsə, Trampın ritorikası bir qədər yumşalmalıdır. İran monoloqdan çox dialoqun tərəfdarıdır və tərəf müqabilinin onu dinləməsini istəyir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr